DÜNYA
Gürcü ekspert: Azərbaycanın “Avro-5” benzini Gürcüstana bahalı yanacaq verən ölkələri tamamilə əvəzləyəcək
Tbilisi, 10 iyun, AZƏRTAC
Azərbaycanda “Avro-5” standartına cavab verən avtomobil benzininin istehsalına başlanılması Gürcüstan üçün kifayət qədər maraqlı və önəmlidir. Çox güman ki, qonşu dövlətdən gələn yanacaq digər tədarükçülərlə müqayisədə daha ucuz olacaq. Bu da gürcü idxalçılarının diqqətini mütləq cəlb edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri yerli mediaya müsahibəsində Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqının sədri, iqtisadçı ekspert Vaxtanq İobaşvili söyləyib.
Onun sözlərinə görə, istənilən halda logistika marşrutu xeyli asan və sadə olduğundan Azərbaycan məhsulunun Avropa benzini ilə rəqabət aparması mümkündür.
Ekspert deyib ki, Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunda bu aydan etibarən “Avro-5” standartları üzrə avtomobil benzininin istehsalına başlanılması planlaşdırılır.
“Hazırda zavodda genişmiqyaslı modernləşdirmə və yenidənqurma layihəsi həyata keçirilir. Onun gücü ildə 6,5 milyon ton təşkil edəcək. Modernləşdirmə və yenidənqurma işlərinin nəticələrinə əsasən, zavod Xəzər regionundan bütün növ neftin emalı üçün nəzərdə tutulub. Layihənin 2027-ci ildə başa çatdırılması planlaşdırılır. Modernləşdirmədən sonra zavod ildə 2 milyon ton avtomobil benzini, 2,9 milyon ton dizel yanacağı, 1 milyon ton təyyarə yanacağı və 390 min ton neft-kimya məhsulları istehsal edəcək. Çox güman ki, Azərbaycan benzini Gürcüstandakı yanacaqdoldurma məntəqələri şəbəkəsinə qayıdacaq”, - ekspert vurğulayıb.
Bir neçə il əvvəl Azərbaycan yanacağından (dizel, benzin, neft məhsulları) tamamilə asılı olduqlarını bildirən Vaxtanq İobaşvili Azərbaycanın “Avro-5” benzininin onlara bahalı yanacaq verən bəzi ölkələri tamamilə əvəz edəcəyini deyib: “Qonşu ölkədən benzin idxalı xeyli sürətlə və sərfəli qiymətə olacaq. Bildiyiniz kimi, Azərbaycan neft dövləti olmaqla yanaşı, ölkəmizin böyük dostudur və biz bu qərarı alqışlayırıq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi