Gürcü siyasətçi: Nikol Paşinyan Münxen konfransında özünü gülünc vəziyyətə qoydu
Tbilisi, 20 fevral, AZƏRTAC
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan paneldə Cənubi Qafqaz ölkələrinin rəhbərlərinin ilk görüşü çox maraqlı faktlarla yadda qaldı. Bunlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülhə nail olmaq, xüsusilə də Ermənistanla sülh müqaviləsi barədə söylədiyi fikirlər idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Simon Kopadze söyləyib.
Politoloq deyib ki, Prezident İlham Əliyev Azərbaycanın kimlərinsə diktəsi ilə regionda pozuculuq fəaliyyəti ilə məşğul olan cinayətkarlarla deyil, yalnız Qarabağda doğulub böyümüş və hazırda bu bölgədə yaşayan ermənilərlə danışıqlara hazır olduğunu, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında sərhəd-keçid məntəqələrinin qurulmasının vacibliyini qeyd etdi.
Hamı kimi, biz də gözləyirdik ki, Ermənistan baş naziri Nikol Paşinyan ağıllı, sülh naminə hər hansısa fikir söyləyəcək. Lakin o, sanki uşaq dayısına şikayət edirmiş kimi “biz uşaqlarımızın Xankəndiyə səfərini təşkil etdik, Azərbaycan buna icazə vermədi” deməsi çox gülünc idi. Əslində, Paşinyan bununla sülhə maneə olmaq siyasəti yürütdüklərini sübut edir. Bu, bir daha göstərir ki, Ermənistan heç vaxt müstəqil olmayıb, müstəqil siyasət yürüdə bilməyib. Paşinyan dünyaya nümayiş etdirdi ki, kimlərinsə diktəsi ilə sülh prosesini yubatmaq, bunun üçün isə müxtəlif əsassız bəhanələr gətirir və bununla da özünü gülünc vəziyyətdə qoyur.
S.Kopadze qeyd edib ki, Azərbaycan artıq təkcə regionda deyil, dünyada söz sahibinə çevrilib. Prezident İlham Əliyevin Münxendə keçirdiyi görüşlərdə söylədiyi fikirlərin digər əksər liderlər tərəfindən də qəbul olunması bunu sübut edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi