GÜRCÜSTAN AZƏRBAYCANLILARI YENİ SƏFİRLƏ TANIŞ OLMUŞLAR
Mərkəzin direktoru Məmməd Gülməmmədov görüş iştirakçılarını yeni səfirin tərcümeyi-halı ilə tanış edərək, ona bu şərəfli işdə uğurlar arzulamışdır.
Gurcustanın Dövlət mükafatı laureatı, şair İmir Məmmədli, filologiya elmləri doktoru Şurəddin Məmmədli, Qardabani Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Babayev, qocaman müəllimlər Ziyəddin Həmidov, Gülnaz Ağayeva, Alı Sofiyev və başqaları səfiri salamlayaraq, dövlətlərimiz arasında mehriban qonşuluq və səmimi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işində ona uğurlar arzulamışlar.
Səfir Ramiz Həsənov səmimi sözlərə görə yığıncaq iştirakçılarına təşəkkürünü bildirərək, Azərbaycanın strateji tərəfdaş, mehriban qonşu, dost ölkə kimi Gurcustana xüsusi diqqətlə yanaşdığını vurğulamış, burada yaşayan həmvətənlərimizin mövcud problemlərinin həlli yollarından danışmışdır.
Səfir qeyd etmişdir ki, dövlətimizin başçısı İlham Əliyev Gürcustan-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Gurcustandakı soydaşlarımızın taleyi həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olmuş və olmaqdadır. O, Gürcüstan rəhbərliyinin dəstəyi və buradakı azərbaycanlıların yaxından köməyi sayəsində bir çox problemlərin həll ediləcəyinə əmin olduğunu bildirmişdir.
Soydaşlarımızın sıx yaşadıqları başqa bölgələrdə də belə görüşlərin keçiriləcəyini deyən səfir R.Həsənov suallara cavab vermişdir.