Gürcüstan parlamenti Konstitusiyaya dəyişiklikləri qəbul edib
Tbilisi, 29 iyun, AZƏRTAC
Gürcüstan parlamentinin iyunun 29-da keçirilən növbədənkənar sessiyasında ölkə Konstitusiyasına təklif olunan dəyişikliklər üçüncü oxunuşda qəbul olunub.
AZƏRTAC xəbər verir ki, 117 deputat qanun layihəsinin lehinə, 3 deputat isə əleyhinə səs verib.
Qeyd edək ki, Konstitusiyaya təklif olunan dəyişikliklər parlament seçkilərinin qarışıq sistem üzrə keçirilməsi ilə bağlıdır. Qanunverici orqana 120 deputat proporsional, 30 nəfər isə majoritar sistem üzrə seçiləcək.
Bundan başqa, siyasi partiyalar üçün seçki baryeri 5 faizdən 1 faizədək azaldılır.
Daha bir yenilik isə ondan ibarətdir ki, proporsional sistem üzrə seçicilərin 40,54 faizinin səsini toplaya bilməyəcək partiya parlamentdə birpartiyalı çoxluq yarada bilməyəcək.
Səsvermədə müxalif “Vahid Milli Birlik Hərəkatı” və “Avropalı Gürcüstan” partiyalarından olan deputatlar iştirak etməyiblər. Buna səbəb müxalifətin siyasi məhbus hesab etdiyi Giorgi Ruruanın həbsdən azad edilməməsidir.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri bu il oktyabrın 31-nə təyin olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi