GÜRCÜSTAN POLİSİ DİN XADİMİNİ TUTMUŞDUR
Tbilisi şəhər məhkəməsi üç ay öncə Basil Mkalavişvilinin barəsində dini azlıqların hüquqlarını tapdaladığına görə qəti imkan tədbiri görülməsinə dair qərar çıxarmışdı. Keşiş qaçıb gizlənmiş, onun barəsində axtarış elan edilmişdi. Məhkəmənin qərarı hüquqi qüvvəsini itirdikdən sonra keşiş yenidən meydana çıxmış və martın 11-də xalq müdafiəçisinin (ombudsman) Tbilisidəki ofisi qarşısında mitinq keçirmişdir.
Yeri gəlmişkən, Basil Mkalavişvili Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze hakimiyyəti dövründə də yəhvaçılara qarşı amansız mübarizə mövqeyində dururdu. Bununla bağlı, ABŞ-dan Gürcüstanın ünvanına dini azlıqların hüququnun qorunmasına dair lazımi tədbirlər görülməsi tövsiyəsi ilə bir neçə dəfə müraciət olunmuşdu. Eduard Şevardnadze brifinqlərinin birində “Amerikada Basil Mkalavişvilini məndən çox tanıyırlar” demişdi.
Müəyyən tədbirlər görülməsinə baxmayaraq, yəhvaçılara və digər dini azlıqlara qarşı barışmaz mövqe tutan keşişi inadından döndərmək mümkün olmamış və o, həbs edilmişdir. Din xadiminin həbs olunması Gürcüstan ictimaiyyəti arasında müxtəlif cür qarşılanmışdır. Bəziləri bunun tam əleyhinə olduğunu bildirir, bəziləri isə qanun qarşısında hamının eyni dərəcədə cavabdeh olduğunu söyləyirlər.