“Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın fəaliyyətə başlamasından beş il keçir
Tbilisi, 28 iyun, AZƏRTAC
“Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın fəaliyyətə başlamasının beş ili tamam olub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, Tbilisi, Marneuli, Rustavi, Qardabani, Bolnisi, Dmanisi rayonlarından ziyalılar, elm və mədəniyyət xadimləri iştirak ediblər.
GAMİ-nin təsisçilərindən olan jurnalist Nadir Almazoğlu tədbiri açdıqdan sonra təşkilatın son 5 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. İştirakçılara GAMİ-nin məqsəd və məramı, Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinin həllindəki rolu, Azərbaycan mədəniyyətinin, elminin, təhsilin inkişafına verdiyi töhfələrdən bəhs olunub.
Sonra ittifaqın sədri Səadət Zeynalqızı çıxış edib. Bildirib ki, bu gün GAMİ-nin idarə heyətində 20 nəfər təmsil olunur. Təşkilat üzvlərinin və könüllülərinin sayı artıq minlərlədir. O, GAMİ-nin gələcək planları barədə də məlumat verib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Eldar Bayramov səfirlik adından təşkilat üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Professor Mahmud Kamaloğlu, Bolnisi rayon Kəpənəkçi kənd 1 nömrəli məktəbinin direktoru Ziyad xan Sərdarov, politoloq, sabiq deputat Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və digər çıxış edənlər GAMİ-nin 5 il ərzində gördüyü işləri yüksək qiymətləndiriblər.
Bildirilib ki, GAMİ tərəfindən təşkil olunan rəsm, şeir müsabiqələri, sərgilər, eləcə də bilik olimpiadaları soydaşlarımızın inteqrasiyasında, inkişafında mühüm rol oynayır.
Xətai Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi