COP29
Gürcüstanda “COP29 - Yaşıl dünya və Azərbaycan” adlı maarifləndirici tədbir keçirilib
Tbilisi, 22 noyabr, AZƏRTAC
Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar “COP29 - Yaşıl dünya və Azərbaycan” adlı maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin müəllimi Rəqsanə Şıxıyeva çıxış edərək, COP29-un Bakıda keçirilməsinin önəmindən danışıb, bunun, həm də Azərbaycan iqtisadiyyatını daha da gücləndirəcəyini, investisiya imkanları arealını, turizm potensialını genişləndirəcəyini bildirib.
Qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub: “Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur”.
Görüşdə tələbə və gənclərin, məktəblilərin COP29-a aid suallar cavablandırılıb.
Tədbirdə mərkəzin gənclərinə və məktəb şagirdlərinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin layihəsi çərçivəsində Gürcüstanda Azərbaycan və gürcü dillərində çap olunmuş məlumatlandırıcı bukletlər paylanılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi