GÜRCÜSTANDA YAŞAYAN 20 AZƏRBAYCANLI GƏNC ŞİMALİ KİPRDƏ ÖDƏNİŞSİZ ALİ TƏHSİL ALACAQDIR
Bakı, 13 sentyabr (AZƏRTAC). Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız Şimali Kipr Yaxın Doğu Universitetində təhsil almaq üçün müsabiqədən keçmişlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tələbələri seçmək üçün Gürcüstanda fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin, universitet rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, jurnalistlərin və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfovun iştirakı ilə komissiya yaradılmışdır. Müsabiqədə Tbilisi, Marneuli, Rustavi, Qardabani, Bolnisi və Kaspi rayonlarından bu il test üsulu ilə Gürcüstanın ali məktəblərinin hazırlıq kurslarına qəbul olmuş və orta məktəbləri yenicə bitirən gənclər iştirak etmişlər. Müsabiqədən 20 soydaşımız uğurla keçmişdir. Füzuli Nəcəfov müsabiqədən keçən gəncləri təbrik etmiş, onlara uğurlar arzulamış və suallarını cavablandırmışdır. Komitə rəsmisi soydaşlarımıza ingilis, rus, fransız, alman, eyni zamanda, gürcü dilini mükəmməl öyrənməyi, yüksək ixtisaslı kadr kimi Gürcüstanın müvafiq dövlət, hökumət strukturlarında səmərəli fəaliyyət göstərməyi tövsiyə etmişdir.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov bildirmişdir ki, müsabiqənin qalibləri sentyabrın 15-də Lefkoşaya yola düşəcəklər.
Bu layihə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin Yaxın Doğu Universiteti ilə əldə etdiyi anlaşma əsasında həyata keçirilir. Əsasən Gürcüstanda yaşayan soydaşlarımız üçün nəzərdə tutulmuş layihənin şərtlərinə görə, soydaşlarımız Yaxın Doğu Universitetində həm bakalavr, həm də magistratura pillələri üzrə ödənişsiz təhsil alacaq, həmçinin pulsuz yataqxana ilə təmin olunacaqlar. Anlaşmaya əsasən, azərbaycanlı tələbələr universitetin turizm, otel idarəçiliyi, Avropa İttifaqı ilə münasibətlər, bank işi və maliyyə, iqtisadiyyat, idarəetmə, marketinq, siyasət elmləri, beynəlxalq münasibətlər, beynəlxalq menecment, qəzetçilik, radio, televiziya və kino fakültələrində oxumaq imkanı əldə edəcəklər. Yaxın Doğu Universitetində təhsil ingilis dilində olduğu üçün bu dili yüksək səviyyədə bilən tələbələr birbaşa I kursa, daha zəif bilənlər isə məhz ingilis dili imkanlarını genişləndirmək məqsədilə hazırlıq kursuna qəbul olunurlar.
Gələcəkdə bu təhsil ocağında 10 gürcü gəncin oxuması da planlaşdırılır.