GÜRCÜSTANIN AZƏRBAYCANLA SƏRHƏDİNİN BAĞLANMASI BARƏDƏ YAYILMIŞ MƏLUMATLARIN HEÇ BİR ƏSASI YOXDUR
Azərbaycanın Gürcüstandakı səfirliyi yuxarıda qeyd olunanlarla əlaqədar bildirir ki, kütləvi informasiya vasitələrində sərhədlərin bağlanması ilə bağlı yayılmış məlumatların heç bir əsası yoxdur. Azərbaycanla Gürcüstan arasında inkişaf etməkdə olan möhkəm əlaqələr dostluq və strateji tərəfdaşlıq münasibətlərinə söykənir. Gürcüstanın Azərbaycanla istər regional əməkdaşlıq, istər strateji layihələr və istərsə də beynəlxalq təşkilatlar çərçivəsində möhkəmlənməkdə olan əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf etdiriləcəkdir. Səfirlik, həmçinin qeyd edir ki, Azərbaycan ilə Gürcüstanın zamanın sərt sınaqlarından çıxmış çoxəsrlik mehriban qonşuluq və dostluq münasibətlərinə heç bir qüvvə bundan sonra da kölgə sala bilməyəcəkdir.
Səfirlik məlum hadisə ilə bağlı bildirir ki, Gürcüstan rəsmiləri ilə keçirilmiş görüşlərdə Azərbaycan tərəfinin diqqətinə çatdırılmışdır ki, aparılmış xüsusi əməliyyat heç bir milli məsələni özündə ehtiva etmir, sadəcə olaraq, qaçaqmalçılıqla mübarizəyə və Gürcüstanın nəzarət-buraxılış məntəqələrində qayda-qanunun nizama salınmasına yönəldilmişdir.