SİYASƏT
GÜRCÜSTANIN AZƏRBAYCANLI GƏNCLƏR İTTİFAQI AZƏRBAYCANIN VƏ GÜRCÜSTANIN MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRMİŞDİR
Bakı, 27 may (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı Azərbaycanın və Gürcüstanın müstəqillik gününə həsr olunmuş tədbir keçirmişdir.
Tədbirdə Gürcüstanın müxtəlif bölgələrində gənclərlə çalışan QHT-lərin nümayəndələri, ali məktəb tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Tbilisi şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş və büstü önünə gül dəstələri düzmüşlər. Onlar, həmçinin Gürcüstanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə salınmış Qəhrəmanlar meydanındakı abidəni, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olmuş Fətəli Xan Xoyskinin və Həsən bəy Ağayevin Nəbatat bağındakı məzarlarını ziyarət etmişlər.
Gənclərə Azərbaycanın və Gürcüstanın müstəqillik uğrunda apardığı şanlı mübarizənin tarixi, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanması, möhkəmlənməsi və inkişafı sahəsində misilsiz xidmətləri barədə ətraflı məlumat verilmişdir.
Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova həm Gürcüstanın, həm də Azərbaycanın müstəqillik aktlarının məhz Tbilisi şəhərində elan olunduğunu vurğulamış, bu ölkədə yaşayan azərbaycanlı gənclərin hər zaman Gürcüstanı azad, müstəqil dövlət kimi görmək istədiklərini bildirmişdir.
Gürcüstanın Tarixçilər Assosiasiyasının üzvü Nərgiz Nəbiyeva, Elmi Araşdırmalar Assosiasiyasının prezidenti Ehtiram Əmirxanlı, “Ziya” qəzetinin baş redaktoru Nizami Məmmədzadə tədbirdə çıxış etmiş, gənclərin Gürcüstanın ictimai-siyasi həyatındakı rolundan danışmış, hər bir azərbaycanlı gəncin Azərbaycanın və Gürcüstanın tarixini dərindən öyrənməsinin vacibliyini vurğulamışlar.
######