Gürcüstanın xarici ticarət dövriyyəsi 14,7 faiz artıb
Tbilisi, 20 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artaraq 19,6 milyard dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə idxalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz artaraq 14 milyard dollar olub. İxracın həcmi isə 5,6 milyard dollar təşkil edib, bu da 2022-ci ilin 11 ayı ilə müqayisədə 11,1 faiz çoxdur.
Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsində 8,4 milyard dollarlıq mənfi saldı yaranıb. Ölkə ən çox mis filizləri və konsentratları, üzüm şərabları, spirtli içkilər, mineral sular, avtomobillər, azot gübrələri, dərmanlar və s. ixrac edib. İdxal olunan mal və məhsullar içərisində neft və neft məhsulları, minik avtomobilləri, təbii qaz, elektrik enerjisi, smartfonlar və telefon aparatları üstünlük təşkil edib.
Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşları arasında birinci yerdədir. Yanvar-noyabr aylarında Türkiyə ilə xarici ticarət dövriyyəsi 2,7 milyard dollara (ümumi ticarət dövriyyəsinin 13,8 faizi) yüksəlib. Rusiya 2,1 milyard dollarla ikinci, ABŞ 1,8 milyard dollarla üçüncü, Çin 1,5 milyard dollarla dördüncü, Azərbaycan isə 1,3 milyard dollarla beşinci yerdə qərarlaşıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi