Haaqadakı səfirliyimiz yerli jurnalistlər üçün mətbuat konfransı keçirib
Haaqa, 6 oktyabr, AZƏRTAC
Niderland Krallığında COVID-19 epidemiyası ilə əlaqədar karantin olduğuna görə Azərbaycanın bu ölkədəki səfirliyi yerli kütləvi informasiya vasitələrinin nümayəndələri üçün onlayn mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Niderlanddakı səfirliyimizin I katibi Selcan Verdiyeva jurnalistlərə Dağlıq Qarabağ və Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı haqqında ətraflı məlumat verib. Bildirib ki, sentyabrın 27-dən başlayan döyüşlərdə Ermənistan Azərbaycanın xüsusilə mülki əhalisini və mülki infrastrukturlarını hədəfə alıb. Bu günə qədər döyüşlərdə qadın və uşaqlar da daxil olmaqla 24 mülki şəxs həlak olub və 120-dən çoxu yaralanıb. Ermənistan silahlı qüvvələri son günlər Azərbaycanın Dağlıq Qarabağdan uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Beyləqan şəhərlərini atəşə tutublar.
Niderlandlı jurnalistlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun 30 ildir Ermənistan silahlı qüvvələrinin işğalı altında olması, bir milyondan çox azərbaycanlının doğma yurdundan didərgin düşməsi, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş torpaqlarından erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinə Ermənistanın riayət etməməsi haqqında məlumatlandırılıblar.
Vurğulanıb ki, Azərbaycanın guya Suriyadan gələn muzdlu döyüşçülərdən istifadə etməsi, Türkiyənin Ermənistana məxsus hərbi təyyarəni vurması barədə mətbuatda, sosial şəbəkələrdə Ermənistanın yaydığı iddialar əsassızdır və həqiqətə uyğun deyil. Azərbaycanın 100 minlik ordusu torpaqlarımızı qorumağa qadirdir. Ancaq hələ döyüşlər başlamazdan Ermənistan tərəfi açıq şəkildə erməni mənşəli Livan və Suriya vətəndaşlarını məhz qeyri-qanuni şəkildə işğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırırdı. Bu məskunlaşdırma siyasəti ilə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini bir daha açıq şəkildə pozub.
Ermənistanın danışıqlar prosesində daim qeyri-konstruktiv mövqe tutduğunu diqqətə çatdıran azərbaycanlı diplomat bildirib ki, “yeni müharibə - yeni ərazilər” iddiasını səsləndirən Ermənistan müdafiə naziri də ölkəmizi provokasiyaya çəkirdi.
Bu ölkənin baş naziri N.Paşinyan isə son vaxtlar qeyri-konstruktiv iddialar səsləndirərək, münaqişənin sülh yolu ilə həllinə böyük zərbə vurub.
“Azərbaycanın 100 minlik ordusu torpaqlarımızı qorumağa qadirdir. Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Torpaqlarımızın azadlığı uğrunda Azərbaycan əsgəri döyüşür”, - deyən S. Verdiyeva jurnalistlərin suallarına cavab verib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa