Hacıqabul sakininin evində silah-sursat aşkarlanıb
Hacıqabul, 19 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabulda polis əməkdaşları tərəfindən uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Evində avtomat saxlayan və üzərində narkotik vasitə olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən rayon sakini Akif Məmmədov saxlanılıb.
Polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd “AK-74” markalı avtomat, 37 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən A.Məmmədovla bir evdə olan tanışı Sabunçu rayonu Nardaran qəsəbə sakini Həsən Əzimovun üzərinə keçirilən baxış zamanı isə ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.