REGİONLAR
Hacıqabulda meliorativ tədbirlər davam edir - payızlıq əkinlər suvarılır VİDEO
Hacıqabul, 3 dekabr, AZƏRTAC
Hacıqabul Suvarma Sistemləri İdarəsi rayonun 20652 hektar suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərinə və 116 min hektar qış otlaqlarına su təminatını həyata keçirir. Bundan əlavə, idarə rayon ərazisində 77557 hektar sahədə qışlama keçirən şəxsi və fermer təsərrüfatlarla müqavilə bağlayaraq həmin təsərrüfatları mütəmadi olaraq su ilə təmin edir. Rayonda su təminatının yaxşılaşdırılması məqsədilə suvarma şəbəkələrinə baxış keçirilib və görüləcək işlər müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, hazırda Hacıqabul rayonunda əkilən payızlıq taxılın suvarılması intensiv aparılır. Fermerlərin sözlərinə görə, suvarma belə davam edərsə, biçin zamanı yüksək məhsuldarlıq əldə olunacaq.
Ümumilikdə ilin əvvəlindən bu günə kimi rayonun Abdulabad ərazisində 36,8 kilometr, Meynimanda 25,3 kilometr, Ələtlidə 15,1 kilometr, Nəvahidə 129,4 kilometr, Rəncbərdə 12,3 kilometr, Qarasu-Padarda 5,7 kilometr uzunluqdakı kanallarda lildən təmizləmə işləri yerinə yetirilib. Meyniman suvarma sahəsi üzrə su itkisinin qarşısının alınması məqsədilə torpaq məcralı “Qobu-1” kanalının 1,5 kilometr hissəsi üzərindəki 10 ədəd hidrotexniki qurğu ilə birlikdə əsaslı təmir olunaraq betonla üzlənib və istismara verilib.
Bundan başqa, Hacıqabul Suvarma Sistemləri İdarəsi tərəfindən balansda olan 12 nasos stansiyasının elektrik və mexaniki avadanlıqlarında sazlama işləri görülüb, qurğular suvarma mövsümünə tam işlək vəziyyətə gətirilib.