“HAKİMİYYƏT FORMULU” PROQRAMININ NÖVBƏTİ BURAXILIŞI AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ HƏSR EDİLMİŞDİR
Bakı, 14 fevral (AZƏRTAC). Azərbaycanın hərtərəfli və dinamik inkişafı, neft strategiyasının həyata keçirilməsi, ölkəmizdə baş verən proseslər, Prezident İlham Əliyevin yeritdiyi siyasət dünya ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin həmişə diqqət mərkəzindədir. “Hakimiyyət formulu” proqramının növbəti buraxılışının Azərbaycan dövlətinin başçısına həsr edilməsi də buna sübutdur. Müəllifi və aparıcısı tanınmış jurnalist, İTAR-TASS agentliyi baş direktorunun birinci müavini, bizim həmvətənimiz Mixail Qusman olan bu proqram çoxmilyonlu tamaşaçı auditoriyasına malik “Rossiya” telekanalı vasitəsilə göstərilmişdir.
Dünyanın ən iri informasiya agentliklərindən biri olan İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko Azərbaycan Televiziyasının “Xəbərlər” proqramına məxsusi müsahibəsində demişdir ki, bu filmi təqdim etmək mənim üçün böyük şərəfdir. Prezident İlham Əliyev öz xalqını ciddi uğurlar və inkişaf yolu ilə aparır. V.İqnatenko xatırlatmışdır ki, proqramın Azərbaycan dövlətinin başçısına həsr edilmiş ilk buraxılışı beş il bundan əvvəl çəkilmişdi. Budəfəki seriyada isə beş ildə onun rəhbərliyi altında Azərbaycanın keçdiyi yoldan bəhs edilir.
Buraxılışın əvvəlində Azərbaycanın coğrafi mövqeyi, tarixi, neft sənayesi, dinamik inkişafı haqqında, proqramın qəhrəmanı Prezident İlham Əliyevin tərcümeyi-halı barədə məlumat verilir. Dövlətimizin başçısı proqramın müəllifi və aparıcısı Mixail Qusmana müsahibəsində onun ikinci prezidentlik müddətində qarşıda duran işlər haqqında, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi haqqında fikirlərini bölüşərək demişdir ki, ölkədə sabitlik yaradılmışdır, xalq ilə hakimiyyət arasında birlik var, Azərbaycan diasporu fəal iş aparır. Verilişdə Azərbaycanda yoxsulluğun sürətlə azalması, ümumi daxili məhsulun və hərbi büdcənin qat-qat artması xüsusi vurğulanır, ölkəmizin xarici sərmayədarlar üçün açıq və cəlbedici olmasına, iqtisadiyyatımızın əsas istiqamətlərinə, neft amilindən asılılığın azaldılmasına yönəldilmiş tədbirlərə xüsusi əhəmiyyət verilir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın tolerant və çoxmillətli dövlət kimi inkişaf etməsi barədə fikirlərini bölüşür, ölkəmizin hərbi potensialının artırılmasına və müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəlmiş böyük iş haqqında söhbət açır.
Proqram Azərbaycan Prezidentinin rəsmi xarici səfərləri, onun dövlət başçıları ilə görüşləri, habelə beynəlxalq tədbirlərdə və sammitlərdə iştirakı haqqında kadrlarla müşayiət olunmuşdur.
Buraxılışda həm də keçən ilin yayında Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfərindən və bu səfərin gedişində imzalanmış sənədlərdən, Bakıda keçirilmiş sərgidə Prezident İlham Əliyevin və Rusiyanın sabiq prezidenti Vladimir Putinin iştirakından, Azərbaycan, Rusiya və Ermənistan prezidentləri tərəfindən Moskvada imzalanmış Bəyannamədən bəhs edilir.
Prezident İlham Əliyev ailə başçısı kimi ona ünvanlanmış sualları da cavablandırmış, xanımı Mehriban Əliyevanın müxtəlif sahələrdə həyata keçirdiyi proqramlara toxunmuşdur. O, özünü çox xoşbəxt ailə başçısı hesab etdiyini vurğulamışdır.
“Hakimiyyət formulu” proqramının yeni seriyasında təqdim edilmiş müsahibənin bir hissəsi Rusiyanın nüfuzlu dövri nəşrlərindən biri olan “İzvestiya” qəzetində qismən dərc olunmuşdur. Müsahibəyə ön sözdə xüsusi vurğulanır ki, Azərbaycan postsovet məkanında Rusiyanın ən mühüm tərəfdaşlarından biridir.