HAKİMLƏR VƏ PROKURORLAR ÜÇÜN SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, seminarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Baş Prokurorluğu, Avropa Şurasının İnsan Hüquqları üzrə Baş Direktorluğu və İnformasiya Ofisi təşkil etmişlər.
İşgüzar şəraitdə keçən seminarda Avropa Şurasının İnsan Hüquqları üzrə Baş Direktorluğunun inzibatçısı Kristof Ziman, Almaniyanın Frankfurt şəhərindəki Viadrina Universitetinin doktoru xanım Karmen Tiele, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Katibliyinin hüquqşünası xanım Helle Pol, Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Ramiz Rzayev ölkəmizin şəhər və rayonlarından gəlmiş hakimlər, prokurorlar və ədliyyə işçiləri qarşısında çıxış etmişlər.
Seminarın gündəliyinə uyğun olaraq, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsinə dair Konvensiyanın müddəalarının Azərbaycanda tətbiq olunması və milli qanunvericiliyin həmin müddəalara uyğunluğu nəzərdən keçirilmiş, beynəlxalq sənədin cinayət mühakiməsi ilə bağlı maddələri təhlil edilmiş, onların təcrübədə tətbiqində hakimlərin və prokurorların mövqeyi açıqlanmış, həmçinin eyni cinayətə görə təkrar cəzalandırmamaq hüququ və məhkəmə səhvinə görə kompensasiyaların ödənilməsi kimi vacib məsələlər üzrə müzakirələr aparılmışdır.
Avropa Məhkəməsinin təcrübəsindən götürülmüş konkret şikayət işi seminar iştirakçılarının müzakirəsinə çıxarılmış və həmin iş üzrə nümunəvi məhkəmə baxışı keçirilmişdir. Seminarda yüksək bilik və peşəkarlıq nümayiş etdirən hakimlər, prokurorlar və ədliyyə işçiləri Avropa Şurası ekspertlərinin rəyinə əsasən düzgün nəticələrə gəlmişlər ki, bu da mövzunun geniş şəkildə öyrənilməsinin əyani sübutu olmuşdur.
Sonda iştirakçılar bu cür tədbirlərin tez-tez keçirilməsinin vacibliyini vurğulamışlar.