HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ İLK DƏFƏ YAZILI İMTAHAN KEÇİRİLMİŞDİR
Bununla əlaqədar ölkəmizin tarixində ilk dəfə olaraq 1000-dən çox hakimliyə namizəd üçün vahid zalda test imtahanı keçirilmiş, imtahan prosesinin bütün mərhələləri, o cümlədən sualların seçilməsi, test sualları kitabçalarının çap edilməsi həmin auditoriyada, namizədlərin gözü qarşısında həyata keçirilmişdir.
Test imtahanlarından 60 və daha artıq bal toplayaraq ikinci mərhələsinə buraxılmış 223 nəfər hakimliyə namizəddən 2005-ci il noyabrın 26-da yazılı imtahan götürülmüşdür.
Şəffaflığın təmin edilməsi məqsədi ilə vahid auditoriyada – Bakı İdman Sarayında təşkil olunmuş imtahanı nüfuzlu beynəlxalq təşkilatlar, yerli QHT və hüquq müdafiə təşkilatlarından 30 müşahidəçi, bütün televiziya kanalları və informasiya agentlikləri, habelə mətbuat nümayəndələri tam izləmişlər.
Hakimlərin seçilməsi Qaydalarına uyğun olaraq imtahan başlamazdan əvvəl Məhkəmə-Hüquq Şurası ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasında imtahanda istifadə edilməsi üçün 8 ədəd kazus xarakterli sualın hazırlanmasını müəyyən etmiş, bununla əlaqədar Hakimlərin Seçki Komitəsi 2 saat ərzində qapalı iclasında cinayət, cinayət prosesi, mülki və mülki prosesə dair həmin sayda sual hazırlamışdır.
Həmin suallardan namizədlər tam təsadüfi yolla, lototron vasitəsilə ikisini seçmişlər.
Dörd saat davam edən imtahanda namizədlər sualın mahiyyətini və qanunun məzmununu açmaq, qoyulmuş məsələlərə dolğun qiymət vermək və kazusları həll etmək, qanunun konsepsiyasını ifadə etmək bacarıqlarını nümayiş etdirmişlər.
İmtahan nəticələri Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət olunmuş mütəxəssislər tərəfindən ikiqat yoxlama üsulu ilə, anonimliyin tam qorunması şərti ilə ayrı-ayrılıqda yoxlanıldıqdan sonra elan olunacaqdır.
Hakimliyə namizədlərlə ilk dəfə keçirilən bu yazılı imtahan müşahidəçilər tərəfindən ən şəffaf prosedur kimi yüksək qiymətləndirilmişdir.