HANNOFERDƏ ÜÇ NƏHƏNG BOMBA ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Hər an partlamaq təhlükəsi olan hər üç bomba şəhərin mərkəzi hissəsində torpağın dərinliklərində təsadüfən aşkar olunmuşdur.
Fövqəladə hallar üzrə təhlükəsizlik qüvvələrinin məlumatlarına görə, bombaların zərərsizləşdirilməsi əməliyyatı başlanmazdan bir həftə öncə, Hannofer şəhərinin 22 min sakininin hamısı yaşayış yerlərindən, hətta xəstəxanalardan evakuasiya olunmuş, bombaların zərərsizləşdiriləcəyi yerdən üzaqlaşdırılmış, müvəqqəti olaraq məktəblərdə, klublarda, idman qurğularında, istirahət evlərində yerləşdirilmışlər.
Şəhər daxilində və ətrafında nəqliyyatın fəaliyyəti uzun müddətə dayandırılmışdır. Əhalini gərgin vəziyyətdə saxlayan təhlükəli zərərsizləşdirmə əməliyyatı 11 saat davam etmişdir. Yalnız bundan sonra sakinlər avtobuslarda yaşayış yerlərinə daşınmışlar. Hazırda şəhərdə sakitlik bərpa olunmuşdur.
Xatırladaq ki, İkinci Dünya müharibəsinin sonunda ingilis və amerikan bombardmanına məruz qalmış Hannofer şəhərinin 90 faizi dağılmışdır. Mütəxəssislərin dediyinə görə, 62 il öncə şəhər üzərinə yağdırılan bir neçə min bombadan bir hissəsi hələ də torpaq altında partlamamış qalmaqdadır. Hannoferin hər yerində adi qazıntılar zamanı tez-tez təsadüf olunan bu bombalar insanların həyatı üçün təhlükə mənbəyi olaraq qalmaqdadır. Ona görə də Hannoferdəki növbəti bombanın zərərsizləşdirilməsini, yəqin ki, sonuncu əməliyyat hesab etmək olmaz.