DÜNYA
Harrisin səsvermədə tərəddüd edən ştatlarda qələbə üçün yetərli dəstəyi var
Bakı, 2 noyabr, AZƏRTAC
Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harrisin səsvermədə tərəddüd edən ştatlarda qalib gəlməsi üçün kifayət qədər dəstəyi var. Bu dəstək ona respublikaçı rəqibi Donald Trampı məğlub etməyə imkan verə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “YouGov” sosioloji tədqiqat institutunun “The Times” qəzetinin sifarişi ilə keçirdiyi ictimai rəy sorğusunun nəticələrində yer alıb.
Məlumata görə, ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris az fərqlə “ABŞ-ın ilk qadın prezidenti olmağa yaxındır”. O, Viskonsin ştatında respublikaçı rəqibini dörd faiz (49 faizə qarşı 45 faiz), Miçiqan və Pensilvaniyada üç faiz (49 və 46 faiz), Nevada ştatında bir faiz (48 və 47 faiz) qabaqlayır. Arizonada namizədlərin dəstəyi bərabərdir (hər ikisi 48 faiz). Corciya və Şimali Karolina ştatlarında isə ABŞ-ın sabiq prezidenti Donald Tramp populyarlıq səviyyəsinə görə rəqibindən bir faiz (48 faizə qarşı 47 faiz) irəlidədir.
“YouGov” sosioloji tədqiqat institutu Kamala Harrisin Ağ evə 2000-ci ildə respublikaçı Corc Buşun demokrat Albert Qora qalib gəldiyi seçkilərdən bəri ən az fərqlə rəhbərlik edəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərində qələbə sadə səs çoxluğu ilə deyil, Konqresdə təmsilçilikdən asılı olaraq hər bir ştatın irəli sürdüyü seçicilər kollegiyası tərəfindən müəyyən olunur.