COP29
Hava Av: Müstəmləkəçi ölkələr kasıb adlandırdıqları Afrikanın zəngin sərvəti sayəsində böyük dövlətlər olublar
Bakı, 14 noyabr, AZƏRTAC
Bakıda COP29 çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) və Sahel Dövlətləri Konfederasiyasının birgə təşkil etdiyi “Afrikada investisiya perspektivlərinə müstəmləkəçiliyin mənfi təsirləri" adlı tədbirdə iştirak etdim. Müstəmləkə altında olan xalqların üzləşdiyi problemlərə diqqət verdikləri üçün təşkilatçılara, xüsusilə də Bakı Təşəbbüs Qrupuna təşəkkürmü bildirirəm.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində tədbirin iştirakçısı, Liptako-Gourma Dövlətlərinin İnteqrasiya edilmiş İnkişaf Təşkilatının icraçı katibi Hava Av deyib.
“Paneldə Karib dənizindəki kiçik ada dövlətlərin nümayəndələri müstəmləkəçiliyin onlara olan mənfi təsirlərindən söz açdılar. Eyni mənfi təsirlər Afrikanın bir çox ölkələrində, eləcə də Malidə var. Afrikada da biz bu mənfi təsirləri yaşamışıq və hələ də yaşayırıq. Həqiqətən də, müstəmləkəçiliyin mənfi təsirləri olub və davam edir. Mali öz pavilyonunu BTQ-yə tədbiri təşkil etməyə verib və bu, təsadüfi deyil. Biz Sahel Dövlətləri Konfederasiyası, Mali, Niger və Burkino Faso ilə birlikdə taleyimizi öz əlimizə almağa qərar verdik”, - deyə H.Av müstəmləkəçiliyin mənfi təsirlərini qeyd edib.
“Dünyanın təbii sərvətlər və xammal ilə ən zəngin ölkələrini üçüncü dünya ölkələri və ya kasıb ölkələr adlandırırlar. Halbuki bizim ölkələrin zəngin sərvəti onları böyük dövlətlər (Fransa və digər Qərb ölkələri) edib və edir. Müstəmləkəçi ölkələr kasıb adlandırdıqları Afrikanın zəngin sərvəti sayəsində böyük dövlətlər olublar. Biz qərara aldıq ki, ölkələrimizin təbii sərvətlərindən xalqımız bəhrələnməlidir. Ona görə də müstəmləkəçiliyə yox deyərək ondan qurtulduq”, - deyə Hava Av vurğulayıb.