Hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
Bakı, 16 noyabr, AZƏRTAC
Ölkə ərazisində noyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10°, gündüz 13-16° isti, Bakıda gecə 8-10°, gündüz 14-16° isti olacağı proqnozlaşdırılır. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10°, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gecə 1-6° isti, dağlıq ərazilərdə 4° şaxta, gündüz 10-15° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı ehtimalı var.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 4-8°, gündüz 10-15° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı,Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 4-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı proqnozlaşdırılır.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Havanın temperaturunun gecə 6-10°, gündüz 12-17° isti olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Dağlarda duman olacaq. Havanın temperaturunun gecə 7-10°, gündüz 11-14° isti, dağlarda gecə 3-7°, gündüz 8-11° isti olacağı gözlənilir.
Respublikanın bölgələrində şərq küləyi əsəcək, bəzi yerlərdə sürəti zəif olacaq.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 17-18-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.