Hava şəraitinin quraq keçməsi məhsuldarlığa mənfi təsir göstərir – REPORTAJ VİDEO
Tovuz, 10 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
Qərb bölgəsinin aran hissəsində iki aya yaxındır ki, yağıntı düşmür. İqlimin quraq keçməsi təsərrüfat sahələrinə müəyyən işləri görməyə əlverişli şərait yaratsa da, ümumilikdə yağıntının düşməməsi məhsuldarlığa təsir edə bilər.
AZƏRTAC xəbər verir ki, Tovuzun Qaraxanlı kənd sakini Fərhad Hümbətov uzun illərdir taxıl əkib-becərməklə məşğuldur. O, özünün bu qida təminatını da tam ödəyə bilir. Quraqlıq keçdiyindən əkdiyi taxıl sahəsində yaşıllıq gözə dəymir. İki aydır quraqlığın müşahidə olunduğunu söyləyən kənd sakini yaxın günlərdə yağışın yağacağına ümid edir. “Bir hektara ümumilikdə 500 manat xərc çəkmişəm. Torpaqdan mövsüm vaxtı yaxşı məhsul götürürəm. Bu il yağıntı düşərsə, buradan 4-5 ton taxıl götürəcəyimə inanıram”, - kənd sakini bildirib.
Yağıntının düşməməsi meyvə bağlarına da təsirini göstərir. Quraqlıq səbəbindən ağaclarda vaxtından əvvəl oyanma gedir, ziyanvericilər üçün münbit şərait yaranır. Torpaq sahibləri deyir ki, yağıntılar düşərsə, məhsuldarlıq nisbətən yüksələr. “Havaların bu fəsildə çox isti keçməyi bağçılığa ziyandır, belə ki, ağaclar tez tumurcuqlayır. Sonradan birdən-birə şaxta düşərsə, məhsuldarlığa mənfi təsir göstərir. Taxılçılığa isə təsiri odur ki, gecələr 4-5 dərəcə şaxta olduğu üçün taxılın yaşıl yarpaqlarını yandırır. Ümid edirik ki, yaxın günlərdə yağıntı yağar və təsərrüfatlar ziyandan xilas olar”, - deyə fermer Mərifət Əsgərov qeyd edib.
Havaların quraq keçməsi zərərvericilər üçün əlverişli şərait yaradır. Fermerlər deyir ki, fevral ayının növbəti günlərində yağıntı olmasa, məhsuldarlıq 20-30 faiz aşağı düşə bilər. Suvarma prosesinə isə əslində bir ay yarım əvvəldən start verilib. Su mənbəyi olanlar istifadə etsə də, olmayanların ümidi yalnız hava şəraitinə qalıb.