Həkim-ftiziatr: Vərəmin dərmana davamlı forması daha ağır gedişata malik olur
Bakı, 14 dekabr, Aytac Haqverdiyeva, AZƏRTAC
Vərəm xəstəliyinin gedişatı mikrobakteriyaların növündən asılıdır. Əvvəllər sadəcə klassik vərəm mövcud idisə, hazırda dərmana davamlı formalar da yaranıb. Bu kimi formalarda vərəm xəstəliyi daha ağır gedişata malik olur, yoluxuculuq və ölüm halları daha çoxdur.
Bunu AZƏRTAC-ın suallarını cavablandıran 2 saylı Ağciyər Xəstəlikləri Dispanserinin ağciyər üzrə mütəxəssisi həkim-ftiziatr Afət Novruzova deyib.
Mütəxəssisin sözlərinə görə, uşaqlarda da dərmana davamlı formalara rast gəlmək mümkündür. Dərmana davamlı formaların yaranmasına ən çox təsir edən amillərdən biri xəstəliyin gec aşkarlanması, qeyri-düzgün müalicə və yanaşı xəstəliklərin olmasıdır. Əvvəllər 1-18 yaşarası uşaq və yeniyetmələrdə kütləvi diaqnostika aparılırdı və nəticəsi 72 saatdan sonra müəyyən olunurdu. Nəticəyə uyğun yoluxanlar seçilərək dispanser nəzarətinə götürülürdü və müvafiq profilaktik müalicə aparılırdı. Beləliklə də xəstələnmənin qarşısı alınırdı. Lakin koronavirus pandemiyası ilə əlaqədar kütləvi diaqnostika artıq aparılmır. Virusun aşkar olunması ilə bağlı testlər fərdi şəkildə edilir.
Hazırda testlərin vərəmə yoluxma ehtimalı daha çox olan insanlar arasında aparıldığını bildirən həkim-ftiziatr yüksək risk əlamətlərini açıqlayıb: “Vərəmə görə yüksək risk əlamətləri sosial, epidemioloji və tibbi faktorlar olmaqla 3 qrupa bölünür. Sosial faktora daimi yaşayış yeri olmayan, evsizlər, miqrantlar, cəzaçəkmə müəssisəsində olanlar və narkoloji, psixiatri kontingenti, alkoqoliklər, aztəminatlı və çoxuşaqlı ailələr aiddir. Epidemioloji faktor vərəmli xəstə insan və ya heyvanla təmasda olanlardır. Tibbi faktorlara isə şəkərli diabet, respirator virus xəstəliklərinə tez-tez yoluxanlar, şüa terapiyası alanlar, talassemiyası olanlar və digərləri daxildir. Həmin şəxslər risk qrupu adlandırılaraq qeydiyyata alınır və müntəzəm olaraq hər il müayinə olunurlar. Eyni zamanda, ehtiyac olduğu halda dispanser nəzarətə götürülürlər. Bununla da vərəm virusunun yayılmasının qarşısı alınır”.
A.Novruzova qeyd edib ki, vərəm virusuna yoluxma ilə bağlı statistikada son vaxtlar azalma müşahidə edilsə də, bu real deyil. Statistikanın səbəbi COVID-19 pandemiyası zamanı ölkədəki karantin rejimi halında vərəm xəstələri və risk faktoru olan şəxslərin tibb müəssisələrinə gediş-gəlişinin məhdudlaşdırılması ilə əlaqədardır. Bu da virusun aşkar olunmasına və müalicəyə maneə törədirdi.