HƏKİMLƏR QADINLAR ARASINDA BOKSUN ƏLEYHİNƏDİRLƏR
Bakı, 17 avqust (AZƏRTAC). Dünya həkimləri Olimpiya oyunları proqramına daxil edilmiş qadınlar arasında boksun əleyhinədirlər və bununla bağlı ərizələr toplayırlar. Tənqidçilərin sırasına sonuncu olaraq Avstraliya Səhiyyə Assosiasiyası qoşulmuşdur. Assosiasiyanın vitse-prezidenti Stiv Hambelton demişdir: “Mən qadınlar arasında boksun statusunun yüksəldilməsinin qəti əleyhinəyəm. Bu, qarşıdurma zamanı avtomatik olaraq amansızlığın səviyyəsini yüksəldir, idmançı qadınlar üçün məqsədli mübarizə aparmaq imkanları yaranır. Başqa idman növlərində də zədələr olur, lakin boks digər şəxsə şüurlu surətdə zərər yetirilməsidir. Olimpiya oyunlarında iştirak etmək üçün qadınlar var qüvvələri ilə döyüşəcəklər”.
Qadınlar arasında boksda bir qayda olaraq, nokautlara az rast gəlinir. Lakin müntəzəm surətdə başa vurulan zərbələr indiyədək heç kimə xeyir gətirməmişdir. Eyni vaxtda qadınlar üçün bir təhlükə də vardır ki, bu da hamiləliklə bağlıdır. Çünki qarın nahiyyəsinə vurulan güclü zərbələr həm ananın və həm də hələ dünyaya gəlməmiş körpənin ciddi zədələnməsi ilə nəticələnə bilər.
Xəbər verildiyi kimi, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin Berlində keçirilmiş iclasında qadınlar arasında boks yarışlarının 2012-ci il Olimpiya oyunlarının təqviminə daxil olunması barədə qərar qəbul edilmişdir. Londonda beş çəki dərəcəsi üzrə 40 idmançı iştirak edəcəkdir. Hər çəki dərəcəsində rinqə 8 qadın idmançı çaxacaqdır. Əvvəllər həvəskar boks yay Olimpiya oyunlarında qadınların yarışmasını nəzərdə tutmayan yeganə idman növü idi.
Qadınlar arasında boks yarışmasının Olimpiada proqramına daxil edilməsi ilə kişilərin turnirindən ən yüngül - 48 kiloqram çəki dərəcəsini bir növ “oğurlamışlar”. Bununla da kişilər arasında Olimpiya turnirində 40 kişi boksçu bu çəki dərəcəsindən məhrum olmuşdur. İndi kişilər 11 deyil (əvvəllər 12 idi) 10 çəki dərəcəsi üzrə yarışacaqlar.
Qadınlar arasında boksun Olimpiya proqramına daxil edilməsi ilə yanaşı, konqresdə digər yeniliklərin tətbiqi barədə də qərar qəbul olunmuşdur. Xüsusən boksçuların mübarizəsi gedişində əvvəllər ekranda müşahidə edilməsi mümkün olan hesabın açılmaması barədə qərar qəbul edilmişdir. Bundan başqa AİBA-nın dünya reytinqi nəzərə alınmaqla püşkatma mərasimində güclü boksçuların qruplara paylanması sisteminin tətbiq edilməsi qərara alınmışdır.