Həmvətənimiz Murmansk vilayətinin qubernatoru yanında Millətlərarası Münasibətlər Şurasının üzvü seçilib
Bakı, 23 iyul, AZƏRTAC
Rusiya Federasiyası Murmansk vilayətinin qubernatorunun qərarı ilə Murmansk vilayətinin qubernatoru yanında Millətlərarası Münasibətlər Şurasının tərkibi təsdiq edilib.
Murmansk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yerli nümayəndəliyinin mətbuat katibi, Rusiya Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, Şuranın rəhbəri vəzifəsinə Rusiya Federasiyası Murmansk vilayətinin qubernatoru Andrey Çibis seçilib.
Şura Murmansk vilayətinin ərazisində Rusiya Federasiyası dövlətinin milli siyasətinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilərkən ərazi üzrə federal dövlət hakimiyyət orqanlarının, Murmansk vilayətinin dövlət hakimiyyət orqanlarının, yerli özünüidarə orqanlarının, ictimai birliklərin, elmi və digər təşkilatların qarşılıqlı fəaliyyətin təmin edilməsi məqsədilə yaradılıb.
Millətlərarası Münasibətlər Şurasının tərkibinə 27 nəfər, o cümlədən Murmansk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının sədr müavini, həmvətənimiz Hüseynalı Hüseynov daxildir.
Şuranın işinin əsas istiqamətləri Murmansk vilayətinin ərazisində Rusiya Federasiyası dövlətinin milli siyasətinin həyata keçirilməsi praktikasını müzakirə etməkdən və regionda bu siyasətin həyata keçirilməsinin prioritet istiqamətlərini müəyyən etməkdən ibarət olacaq.
Xatırladaq ki, bu Şura daimi fəaliyyət göstərən məsləhət-məşvərət orqanı olacaq.