Həmyerlimiz Cəmil Sadıqbəyov Moskva Bələdiyyə Məclisinə deputatlığa namizəddir
Moskva, 16 fevral (AZƏRTAC). Həmyerlimiz Cəmil Sadıqbəyov Moskvanın Otradnı rayonunun şəhərdaxili bələdiyyə qurumunun Bələdiyyə Məclisinə deputatlığa namizəd irəli sürülmüşdür.
Martın 4-də Rusiyada vahid səsvermə günü keçiriləcəkdir və həmin gün təkcə Rusiya Federasiyasının prezidentinin seçkiləri deyil, həm də yerli və regional seçkilər keçiriləcəkdir. Yerlərdə dövlət siyasətinin həyata keçirilməsi üçün yaradılmış bələdiyyələrə hər dörd ildən bir keçirilən seçkilər ölkədə mühüm siyasi hadisə kimi qiymətləndirilir. Rusiya paytaxtında fəaliyyət göstərən 125 bələdiyyənin hər birində 20 deputat çalışır.
Cəmil Sadıqbəyov AZƏRTAC-a bildirmişdir ki, yerli orqanlara seçkilər dövlət siyasətinin mühüm vəsiləsidir. O demişdir: “Seçkilər Moskva üçün konkret və faydalı iş görmək imkanı verən kütləvi siyasətin gözəl təcrübə məktəbidir. Rusiya paytaxtında 30 ildən artıqdır yaşayan azərbaycanlı kimi, həmvətənlərimizin Rusiya və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qorunub saxlanmasına yönəlmiş fəaliyyətini dəstəkləyəcək, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün yeni imkanlar axtaracağam”.
Cəmil Sadıqbəyov 1964-cü ildə Bakıda anadan olmuşdur, M.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin məzunudur, Rusiya Prezidenti yanında Moskva Dövlət Xidməti Akademiyasının “Dövlət və Bələdiyyə İdarəçiliyi” ixtisasını bitirmişdir.
O, 1993-1997-ci illərdə Rusiya təhsil nazirinin köməkçisi işləmiş, 1997-ci ildə Birlik Ölkələrinin Humanitar İnstitutunu yaratmış, hazırda də bu təhsil ocağının rektorudur. C.Sadıqbəyov 2007-ci ildən “Birlik ölkəsi” qəzetinin baş redaktoru, 2008-ci ildən Moskva Millətlər Evi yanında Moskva Etnik KİV-lərin mətbuat klubu Şurasının sədridir.
2009-cu ildən Moskva hökuməti yanında Millətlərin işləri üzrə Şuranın KİV-lərlə qarşılıqlı fəaliyyət və komunnikasiya komissiyasının sədri olan C.Sadıqbəyov sosioloji elmlər namizədi, Rusiya Jurnalistlər İttifaqının üzvüdür.
Asya Hacızadə
AZƏRTAC -ın xüsusi müxbiri
Moskva