HƏQİQƏTİN BİR ÜZÜ VAR, İKİLİ STANDARTLAR ONA XƏLƏL GƏTİRİR
Son vaxtlar jurnalistlərin müdafiəsi üzrə bəzi beynəlxalq təşkilatlar Azərbaycanda ayrı-ayrı jurnalistlərin qanunvericiliyə zidd olan hərəkətlərinə görə həbs olunmalarını azad sözün boğulması, jurnalistlərə hücum kimi səciyyələndirir. Təəssüf ki, bu təşkilatlar məsələ ilə əlaqədar dəqiq, aydın məlumatlardan yararlanmaqdan daha çox ağa qara deyənləri, hər addımbaşı istədikləri adamı təhqir edən, insanların şərəf və ləyaqətini alçaltmağa cəhd göstərən KİV-ləri, qeyri-obyektiv, qərəzli informasiyalar yaymaqla dövlət qurumlarını və məmurları nüfuzdan salmağı özlərinə peşə seçən cızmaqaraçıları canfəşanlıqla müdafiə edirlər.
Amma həmin “müdafiəçilərin” tələblərinin əsassızlığı “Azadlıq”, “Milli Yol”, “24 saat” və “Realniy Azərbaycan” qəzetləri barədə çıxarılan hökm və qətnamələrlə sübuta yetirilmişdir.
Vətəndaşın şərəf və ləyaqətini təhqir edib ona ağır və xüsusilə ağır cinayəti törətməkdə böhtan atdığına görə bir neçə jurnalist məhkəmə tərəfindən məsuliyyətə cəlb edilmişdir.
Bəs nə üçün hər şeyə olduğu kimi yanaşılıb real qiymət verilmir? Axı bu məsələdə günahkar məhz həmin yazarların özləridir. Daxili işlər orqanları, şəxsən nazir R.Usubovla bağlı bu və bu cür qəzetlərin yazdıqları da uydurma və iftiradan başqa bir şey deyildir.
Söhbət aşkarlıqdan, insan hüquq və azadlıqlarının qorunmasından, şəffaflıqdan gedirsə, daxili işlər naziri Ramil Usubov son üc il ərzində 380 əməkdaşın cəzalandırılmasını, təxminən 40 nəfərədək əməkdaşın isə işdə yol verdiyi nöqsana görə daxili işlər orqanlarında xidmətindən xaric olunmasını KİV vasitəsilə ictimaiyyətə açıqlayıb. Bəs niyə çox ciddi qanun pozuntusuna yol vermiş belə yazarların əməllərinə, onların qəbahətlərinə, hətta bəzən cinayət məsuliyyəti törədən qanunazidd hərəkətlərinə göz yumulur? Üstəlik onlar müdafiə edilir? Bu cür mövqe başqalarını da səhv yola istiqamətləndirmirmi?
Həqiqət nə qədər acı olsa da, şirin yalandan daha yaxşıdır. Ümidvarıq ki, heç olmasa ədalət məhkəməsinin obyektiv qiymətindən sonra bu təşkilatlar əsil həqiqəti deyəcək, sağlam fikrin müdafiəsində dayanacaqlar.
DİN-in Mərkəzi Aparatı Veteranlar Şurasının üzvləri, polis və müharibə veteranları:
Bəylər Hüseynov
Zilli Rzayev
Vasili Şevtsov
Yari Qədirov
Məhəbbət Məhərrəmov
İsrafil Əliyev
David Kldiaişvili
Bəkir Mamoyev
Georgiy Zapletin və başqaları.