Hesablama Palatası altı ayda 12 milyon büdcə vəsaitini bərpa edib
Bakı, 15 iyul, AZƏRTAC
2021-ci ilin iş planına əsasən bu ilin 6 ayında Hesablama Palatasının kollegiyası 28 auditin, o cümlədən 7 maliyyə, 2 səmərəlilik (performans), 19 uyğunluq auditinin keçirilməsi ilə bağlı qərar qəbul edib,11 auditin (8-i uyğunluq və 3-ü maliyyə auditi olmaqla) nəticələri üzrə auditor hesabatları kollegiya qərarı ilə təsdiqlənib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurum tərəfindən COVID-19 pandemiyası ilə mübarizəyə yönəldilən dövlət vəsaitləri üzrə aparılan kənar dövlət maliyyə nəzarəti tədbirləri başa çatdırılmaq üzrədir və nəticələrin rəsmiləşdirilməsi hesabat ilinin 3-cü rübündə həyata keçiriləcək. Nəzarət tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 11 kənar dövlət maliyyə nəzarəti obyektinə, eyni zamanda, 3 halda onların yuxarı orqanlarına auditor hesabatı və kollegiya qərarları göndərilib, hər tədbirlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə məlumat verilib.
İş planına əsasən hesabat dövründə keçirilmiş və nəticələri rəsmiləşdirilmiş nəzarət tədbirləri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Hesablama Palatasının kollegiyası tərəfindən ümumilikdə 15,1 milyon manatı əhatə edən maliyyə pozuntularına dair müvafiq tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul edilib. Hesablama Palatasının 2021-ci ilin ilk 6 ayında və əvvəlki illərdə başa çatdırdığı nəzarət tədbirlərinin nəticəsi olaraq hesabat dövründə ümumilikdə 12,4 milyon manat, o cümlədən pul ifadəsində 10,3 milyon manat, natura ifadəsində isə 2,1 milyon manat dövlət vəsaitinin bərpası təmin edilib.
Bununla yanaşı, auditlərin nəticəsi olaraq müəyyən edilmiş vəsaitlərin təyinatının dəyişdirilməsi, maliyyə hesabatlarında təhriflərə yol verilməsi, vəsaitlərin akkreditiv hesablara köçürülməsi, vəsaitlərin əsaslı şəkildə proqnozlaşdırılmaması və istifadəsi ilə bağlı hesabatlılığın olmaması, gəlir vergisi və digər məcburi ödənişlərin tutulmaması, bəzi xərclərin dövlət satınalmalarına cəlb edilməməsi, vəsaitlərin depozit və tapşırıqlar hesablarından icrasının ilin sonuna qalıq vəsaitin geri qaytarılmaması risklərini formalaşdırması, ştat sayının optimallaşdırılmasının zəruriliyi barədə, aşkar edilmiş digər nöqsan və çatışmazlıqlarla əlaqədar səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi üçün 10 halda aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına, eləcə də 1 halda yuxarı icra hakimiyyəti orqanına məlumat verilib. Nəzarət tədbirinin nəticəsi üzrə 2 halda materiallar Baş Prokurorluğa göndərilib.