Həştərxan vilayətinin qubernatoru: Gənclər təşkilatlarının əlaqələrinin genişləndirilməsi yeni dialoq imkanları yaradır
Bakı, 10 aprel, AZƏRTAC
Bakıda yerləşən Həştərxan İş Mərkəzində Rusiya və Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və bölgənin motosiklet hərəkatının fəalları “Xəzər - Dostluq dənizi” devizi altında həyata keçirdikləri motoyürüş çərçivəsində Azərbaycana gəliblər.
Motoyürüşə aprelin 1-dən start verilib. Yürüş iştirakçıları Xəzər dənizinin ətrafında dövr edərək 4 min kilometr məsafəni qət ediblər. Həştərxan vilayətindən start götürən motoyürüş çərçivəsində iştirakçılar Qazaxıstan, Türkmənistan və İran ərazisindən keçiblər. Yürüşün 10 gün müddətində başa çatacağı planlaşdırılıb. Layihənin məqsədi Xəzəryanı ölkələrlə mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək, mototurizmi inkişaf etdirməkdir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Həştərxan vilayətinin qubernatoru tərəfindən imzalanmış Tədbirlər Planına uyğun olaraq, aprelin 9-da Bakıda yerləşən Həştərxan İş Mərkəzində Rusiya və Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının görüşü keçirilib. Tədbirdə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və gənclər təşkilatlarının fəal üzvləri iştirak ediblər.
İ.Hacıyeva çıxışında bildirib ki, iki ölkə arasında humanitar sahədə olan əlaqələrin daha da inkişaf etdirilməsi üçün gənclər böyük töhfələr verirlər. Son illər Azərbaycan gənclərinin rusiyalı həmkarları ilə 3 dəfə təcrübə mübadiləsi apardıqlarını vurğulayan nazir müavini qarşılıqlı tədbirlərin təkcə paytaxt və böyük şəhərlərdə deyil, eyni zamanda regionlarda da baş tutmasının müsbət hal olduğunu vurğulayıb. Ölkəmizdə növbəti gənclər forumunun keçiriləcəyini xatırladan nazir müavini bu tədbirdə Həştərxanda fəaliyyət göstərən gənclər təşkilatlarının da nümayəndələrinin iştirakının arzulanan olduğunu söyləyib.
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin çıxışında Azərbaycanın hərtərəfli inkişafından, ölkəmizin əsrarəngiz gözəlliyindən danışaraq “Xəzər - Dostluq dənizi” devizi altında reallaşan motoyürüş və onun məqsədləri haqqında məlumat verib. Gənclər təşkilatlarının əlaqələrinin genişləndirilməsinin yeni dialoq imkanları yaratdığını vurğulayan qubernator Azərbaycan gənclərini Həştərxana dəvət edib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Tədbirlər Planının daha geniş və məzmunlu həyata keçirilməsi məqsədilə Təşkilat Komitəsinin yaradıldığını deyən İ.Babuşkin bu istiqamətdə keçirilən tədbirlərin ilin sonuna qədər davam edəcəyini bildirib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin təşəbbüsü ilə 1990-cı illərdə cəmiyyətin inkişafında gənclərin rolunun artırılması istiqamətində addımlar atılıb, ölkənin gələcək inkişafında paytaxtda və regionlarda yaşayan gənclərin iştirakının və məsuliyyətinin artırılması, fikir mübadiləsi üçün şəraitin qurulması həyata keçirilib. Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişaf etdirilməsində gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan A.Fərzəliyev bu istiqamətdə həyata keçirilən layihələrin uğurlu olacağına əminliyini ifadə edib.
Daha sonra Azərbaycan və Rusiyanı təmsil edən gənclər təşkilatları təqdimatlarla çıxış edib, hər iki ölkənin turizm, sahibkarlıq və digər əməkdaşlıq sahələri üzrə mövcud potensialı nümayiş olunub, o cümlədən həyata keçirilən beynəlxalq layihələr barəsində ətraflı məlumat verilib.
Tədbirdən sonra gənclər Heydər Əliyev Mərkəzində olub, onlara Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barəsində ətraflı məlumat verilib.
Daha sonra Bakının tarixi məkanlarına və Dənizkənarı Milli Park ərazisinə ekskursiya edilib, Bakı Gənclər Mərkəzi və “ASAN xidmət” mərkəzləri ilə tanışlıq olub.
Aprelin 10-da qonaqlar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.
Dünyaşöhrətli müğənni, Xalq artisti Müslüm Maqomayevin də xatirəsi anılaraq abidəsi önünə çiçəklər düzülüb.
Daha sonra iştirakçılar İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılan “Qardaşlıq məzarlığı” əbədi xatirə kompleksini ziyarət ediblər.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 10-da Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq müsbət qiymətləndirilib, Azərbaycan-Rusiya əlaqələrinin inkişafında bu qarşılıqlı fəaliyyətin rolu qeyd edilib. Həştərxanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bir sıra tədbirlərin keçiriləcəyindən məmnunluq ifadə olunub.
Görüşdə Azərbaycan və Həştərxan vilayəti arasında ticari-iqtisadi, nəqliyyat, tranzit sahələrində, sənaye kooperasiyası, o cümlədən maşınqayırma sahəsində, eləcə də limanlararası əlaqələr və humanitar qarşılıqlı fəaliyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.