“Heydər Əliyev - Azərbaycan dili və azərbaycançılıq” kitabı çapdan çıxıb
Bakı, 19 aprel, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə “Heydər Əliyev - Azərbaycan dili və azərbaycançılıq” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərov, rəyçiləri professorlar Qəzənfər Kazımov və İlham Tahirovdur.
Əsərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dil quruculuğu sahəsində gördüyü işlərdən, onun Azərbaycan dili və nitq mədəniyyəti barədəki fikirlərindən, azərbaycançılıq məfkurəsindən danışılır, natiqliyi, çıxış və nitqlərinin dil xüsusiyyətləri təhlil edilir.
“Heydər Əliyev və Azərbaycanda dil quruculuğu” (akademik Ağamusa Axundov) adlanan I fəsildə ölkədə dil quruculuğu prosesləri Heydər Əliyevin rəhbərliyi ən müxtəlif aspektlərdən müfəssəl təsvir edilməklə yanaşı, dil siyasətinin istiqamətləri, dil və dövlət quruculuğu, dil və əlifba istiqamətində elmi-nəzəri ümumiləşdirmələr aparılıb.
Professor Müseyib Məmmədovun yazdığı “Heydər Əliyev və nitq mədəniyyəti” adlı II fəsildə Ulu Öndərin nitq mədəniyyəti və natiqlik sənətinin özünəməxsusluqları kontekstində sinonimlik, frazeologiya və s. kimi nitq hadisələrinə toxunulur.
“Heydər Əliyevin çıxış və nitqlərinin dilinin üslub-qrammatik xüsusiyyətləri” adlı III fəsli isə professor Məsud Mahmudov qələmə alıb.
Kitabda əvvəlki nəşrdə olmayan dördüncü fəsil də artırılıb.
Bu fəslin müəllifi Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədlidir. “Heydər Əliyevin Vətən konsepti - azərbaycançılıq məfkurəsi” adlanan həmin fəsildə Ulu Öndərin nitqi koqnitiv planda tədqiq olunmaqla onun dil-üslub dühasının məfkurəvi səciyyəsi verilir.