HEYDƏR ƏLİYEV İQTİSADİ İRSİNİN ÖYRƏNİLMƏSİ MƏRKƏZİNİN AÇILIŞI OLMUŞDUR
Mərasimdə Milli Məclis sədrinin müavini Bahar Muaradova, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Misir Mərdanov, YAP–ın icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Bankın sədri Elman Rüstəmov, Heydər Əliyev Fondunun İcraçı direktoru Anar Ələkbərov, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, dövlət və özəl şirkətlərin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları, əvvəlcə, xalqımızın ümummilli lideri Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə gül düzmüşlər.
Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Universitetin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev çıxış edərək, mərkəzin yaradılmasına köməyinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya kollektiv adından təşəkkürünü bildirmişdir. Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında, 1993-cü ildə Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edilməsində, iqtisadiyyatımızın, elm, təhsil və mədəniyyətimizin inkişafında, ölkəmizin dünya birliyinə inteqrasiyasında müstəsna xidmətlərindən danışmış, ulu öndərimizin respublikamızın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışdır.
Mərkəz Heydər Əliyevin zəngin iqtisadi irsinin öyrənilməsi tədqiq və təbliğ edilməsi, onun tədrisinin təşkili ilə məşğul olacaqdır.
Mərkəzin məhz bu ali təhsil ocağında yaradılması heç də təsadüfi deyildir. Heydər Əliyev vaxtilə bu binada təhsil almış, tarix elminin sirlərinə yiyələnmişdir.
Təhsil Naziri Misir Mərdanov xalqımızın ümummilli lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin təhsilimizin inkişafında və onun dünya təhsil sisteminə inteqrasiya olunmasında misilsiz xidmətlərindən danışmış, ulu öndərimizin siyasi xəttinin ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır.
Sonra universitetdə nazirliklərin və özəl şirkətlərin köməyi ilə yaradılmış elmi–tədris laboratoriyalarının da təqdimat mərasimi keçirilmişdir.