Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaq
Lənkəran, 12 dekabr, İlkin Adıyev, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin vəfatından 19 il ötür. Hər il olduğu kimi, ölkəmizin bütün bölgələrində insanlar Ümummilli Liderin abidəsi önündən keçərək ruhu qarşısında baş əyir, dahi rəhbərin xatirəsinə ehtiram göstərirlər. Xalqımız Heydər Əliyevi qurucu və xilaskar dövlət xadimi kimi daim minnətdarlıq hissi ilə xatırlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cənub bölgəsində də Ümummilli Liderin xatirəsi dərin hörmət və ehtiramla anılır.
Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlıda Ulu Öndərin vəfatının 19-cu ildönümü günündə - dekabrın 12-də icra hakimiyyətlərinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, sakinlər Ümummilli Liderin abidəsini ziyarət edir, önünə gül-çiçək düzürlər.
Anım günü ilə əlaqədar rayonlardakı təşkilat və müəssisələrdə də tədbirlər keçirilir.