SİYASƏT
HEYDƏR ƏLİYEVİ DÜNYANIN BÜTÜN GUŞƏLƏRİNDƏ SEVİRLƏR
BUNU BAŞSAĞLIĞI TELEQRAMLARININ COĞRAFİYASI SÜBUT EDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, teleqramlar dünyanın bütün guşələrindən göndərilir. Teleqram vuranlar böyük dövlət xadimi Heydər Əliyevin dünyasını dəyişməsini xalqımız üçün əvəzsiz itki sayır, ölkəmizin Prezidenti İlham Əliyevə dərin hüznlə başsağlığı verir, ailəsinə Tanrıdan səbir diləyirlərlər.
Rusiya Federasiyasının Rostov vilayətində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti regional ictimai təşkilatı üzvlərinin teleqramında deyilir ki, iki əsrin qovuşuğunda Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi naminə gördüyü nəhəng işlər ölçüyəgəlməzdir. Bu işlərin tarixi qiymətini gələcək nəsillər verəcəkdir. Teleqram müəllifləri İlham Əliyevin atdığı addımlarda Heydər Əliyev siyasətinin davamını gördüklərini və onu dəstəklədiklərini qeyd edirlər.
Kuzbass vilayətində fəaliyyət göstərən “Bulaq” Azərbaycan Milli Mədəniyyət Mərkəzi və Ümumrusiya Azərbaycan Konqresi Kemerov regional şöbəsinin birgə teleqramında onların təmsil etdikləri 55 min azərbaycanlının kədəri ifadə olunur və bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçdiyi yolu müdafiə edirlər.
Berlindən “Odlar yurdu” Cəmiyyətinin prezidenti Mircəfər Cəfərzadə, Hollandiyadan Azərbaycan-Avropa Ölkələri cəmiyyətinin əlaqələndiricisi Günər Ağrı, soydaşımız Fərhad Atəş, Almaniyadakı Azərbaycanlılar və Azərbaycanın Dostları Cəmiyyətinin sədri İbrahimxəlil Balayev, Norveç-Azərbaycan Dostluq Cəmiyyəti və SNAR Siyasi Analiz Mərkəzinin rəhbəri Yadigar Zəkəriyyə, bu ölkədə yaşayan doktor Yaqub Cavidi, Strasburqda təhsil alan bir qrup azərbaycanlı tələbə ağır xəbərdən üzüldüklərini yazır və xalqımıza başsağlığı verirlər.