Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyevin ermənilərın əsassız ərazi iddialarına qarşı mübarizəsi (1969-1987-ci illər)

“60-70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan

ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər.

Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların

qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda

həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.

Heydər Əliyev

Ümummilli lider

Bakı, 14 iyul, AZƏRTAC

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, müdrik dövlət xadimi, ulu öndər Heydər Əliyevlə bağlı olub. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilib. XX əsrin 70-80-ci illəri Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarixi zaman kəsiyidir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz Ümummilli Liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Ulu Öndər çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və müdrik siyasi xadim kimi bir sıra çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirib. Həmin dövrdə Azərbaycanda bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılıb və bu nailiyyətlər o vaxt hakimiyyətdə olan Ümummilli Liderin rəhbərliyi və prinsipiallığı nəticəsində mümkün olub.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun ulu öndər Heydər Əliyevin ermənilərın əsassız ərazi iddialarına qarşı mübarizəsindən bəhs edən məqaləsini təqdim edir.

1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Bu şərəfli tarixdə, 1969-1982-ci illərdə bütün sahələrdə əldə edilən tərəqqi yüksəlişdə Azərbaycan KP MK-nın 1969-cu il 5 avqust tarixli Plenumu böyük bir proqram sənədi olmaqla mühüm əhəmiyyətə malik olub. Bu proqram sənədi əsasında həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda tənəzzüldən tərəqqiyə dönüş başlayıb. Heydər Əliyevin hakimiyyətə gəlməsi və bu proqram sənədini irəli sürməsi ilə Azərbaycanda dirçəliş, inkişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünüqayıdışa dönüş mərhələsinin başlanğıcı qoyulub. 1969-1982-ci illərdə Azərbaycanın ictimai-siyasi, o cümlədən sosial-iqtisadi və mədəni həyatında milli intibah dövrü başlayıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikanın digər sahələri kimi, iqtisadiyyatın da dirçəlişi, ölkənin təbii ehtiyatlarından, iqtisadi, təhsil, elm və digər potensialından xalqın maddi rifah halının yüksəlməsi üçün şəraitin yaradılması ilə xarakterizə olunur. Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə respublikanın iqtisadi inkişafının konsepsiyası hazırlanıb, iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında ixtisaslaşma, maddi-texniki və müasir istehsal sahələrinin yaradılması ilə kompleks tədbirlər həyata keçirilib. Bununla yanaşı, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə elm, təhsil və mədəniyyətin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində görülən işlər milli ruhun oyanmasına, azərbaycançılıq məfkurəsinin zənginləşməsinə güclü təsir göstərib və gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin hazırlayıb.

Azərbaycanın milli maraqlarını hər zaman uca tutan

görkəmli dövlət xadimi

1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun oyanışını şərtləndirdi. Bu baxımdan ümummilli lider Heydər Əliyevin Azərbaycana sovet dövründə rəhbərliyi zamanı (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, Azərbaycan milli maraqlarını hər zaman uca tutmuşdur. Bu dövrdə onun qətiyyəti sayəsində erməni iddiaları hər zaman iflasa uğramışdır.

XX əsrin 60-cı illərinin ortalarında Ermənistan SSR-də növbəti dəfə anti-Azərbaycan təbliğatı geniş miqyas almağa başladı. 1965-ci il aprelin 23-də İrəvanda qondarma “erməni soyqırımı”nın 50 illiyi, quldur Andronikin isə anadan olmasının 100 illiyi Ermənistan SSR-də təntənəli sürətdə qeyd edildi. Hələ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizəni daha da gücləndirmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. Həmin dövrdə ermənilərin təbliğatının bir hissəsini də tarixin saxtalaşdırılaraq uydurma erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif məzmunlu əsərlərin yazılması, bu yalanların reallıq kimi bilərəkdən dərsliklərə salınmasının təşkili, bununla da planlarının növbəti mərhələsini həyata keçirmək məqsədilə erməni gəncləri arasında ifrat millətçiliyin və düşmənçiliyin təbliğ edilməsi idi.

Sovet dövründə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. Hələ Azərbaycan SSR DTK-nın sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı qətiyyətlə alınmışdı. Belə ki, Heydər Əliyev 1967-ci il iyun ayının 26-da Azərbaycan KP MK-nın birinci katibi V.Axundova məktubunda yazırdı ki, iyun ayının 23-dən 24-nə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 8 x 9 sm. ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirləri görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışlar. Həmin ildə təkcə Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı.

1967-ci ilin əvvəllərində erməni millətçiləri tərəfindən əvvəlcədən hazırlanan plana əsasən Dağlıq Qarabağda milliyyətcə erməni olan şəxs qətlə yetirilmişdi. Planın ikinci mərhələsinə uyğun olaraq xüsusi erməni təhrikçilərinin rəhbərliyi altında kütlə bu ölüm hadisəsi ilə bağlı məhkəmə iclasının keçirildiyi kinoteatrın zalına girərək şübhəli şəxs kimi həmin prosesdə dindirilən 2 azərbaycanlını zorla mühafizəçilərin əlindən alıb xüsusi amansızlıqla öldürmüşdülər. Təqsirləndirilən, lakin sonradan bəraət almış digər azərbaycanlı isə dustaq maşını ilə birlikdə yandırılmışdı. Burada əsas məqsəd hadisələri qızışdırıb milli zəmində qarşıdurma törətmək, nəticədə azərbaycanlıların bütün Qarabağ ərazisindən köçürülməsini və ərazinin Ermənistana birləşdirilməsinin təməlini qoymaq idi. Lakin Azərbaycan təhlükəsizlik orqanlarının, xüsusilə Ümummilli liderin çevik müdaxiləsi nəticəsində bu hadisələrin qarşısı qısa müddətdə alınmışdı. İşin istintaqını Heydər Əliyev şəxsən öz nəzarətinə götürmüşdü. Həmin məsələni dərindən araşdırmaq üçün Xankəndiyə getmiş, cinayətkarlar haqqında istintaq işi açılmış və onlar layiqli cəzalarını almışdılar. O vaxt Heydər Əliyev 15 gün Dağlıq Qarabağda olmuş, eləcə də, Şuşaya getmişdi. Şuşada olarkən 1905-1906, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağıdılmış və yandırılmış evlərin hələ də bərpa edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin belə vəziyyətdə saxlanılmasının mümkünsüzlüyü barədə mülahizələrini Azərbaycan rəhbərlərinə söyləmişdi.

Hələ 1969-cu ildən, yəni ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri hətta XX əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. 1967-ci ildə Ermənistan SSR-in millətçi dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq DQMV-nin azərbaycanlı əhalinin yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Mərkəzi SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də Ermənistan SSR-lə sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi.

Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi bu məsələni ön plana çəkdi və bu qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi.

Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər. 1970-ci illərdə də ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistan SSR rəhbərliyi erməni millətçilərinin təhriki ilə yenidən Azərbaycan SSR-in DQMV-nin ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ mərkəzi hökumətinə müraciət etmişdi. 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuş və bununla bağlı təklif irəli sürülmüşdü. Məsələdən xəbər tutan Heydər Əliyev ermənilərin bu cəhdlərinin qarşısını almaq üçün qəti addımlar atmışdır. Bu məqsədlə Heydər Əliyevin tapşırığı ilə elmi arayış hazırlanmış, sonra bu sənəd Azərbaycan KP MK Siyasi Bürosunda müzakirə edilərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilmiş və həmin qərar keçmiş SSRİ rəhbəri L.Brejnevə təqdim olunmuşdur. Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin bu niyyəti baş tutmamışdır. Ümumiyyətlə, Heydər Əliyevin qətiyyətli mövqeyi hər zaman SSRİ rəhbərliyində olan erməni millətçilərini çox narahat etmiş və onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi bir maneə olmuşdur.

Heydər Əliyevin Dağlıq Qarabağda milli ruhun yüksəlməsi

istiqamətində qətiyyətli addımları

Bu dövrdə Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri Dağlıq Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli Lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fəaliyyət göstərirdi. Hər şeydən əvvəl Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın tarixi keçmişini yaxşı bilən Heydər Əliyev bu şəhərin inkişafına çox böyük qayğı göstərirdi. Ümummilli lider Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin il qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Həmin qərarların yerinə yetirilməsinin böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə azərbaycanlılar üçün əlavə iş yerləri açılır, həyat səviyyəsi yaxşılaşır, Azərbaycanlıların milli ruhu güclənirdi. Ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.

Ümummilli Lider Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Bu, səbəbsiz deyildi. Erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Ağdam-Xankəndi dəmiryolu çəkildi. 1979-cu il yanvarın 12-də həmin yol Ümummilli Liderin iştirakı ilə istifadəyə verildi. Həmin dəmir yolu xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi.

Dəmiryolu xəttinin açıldığı gün Şuşaya gedən ümummilli lider şəhərdə Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə xüsusi göstəriş verdi. Ulu Öndər, eyni zamanda, Şuşada aparılan tikinti-quruculuq işləri ilə də yaxından maraqlanmış, Azərbaycan poeziyasının klassikləri M.P.Vaqifin və Xurşidbanu Natəvanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdu. Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi görüşdə ümummilli lider tövsiyə edərək demişdi: “Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır”. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində, az sonra Şuşa şəhərini tarix-memarlıq qoruğu elan edən qərar qəbul olundu.

Həmin illərdə ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. Belə ki, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də yağan güclü qarın altında ümummilli lider Şuşada şairin məqbərəsini böyük təntənə ilə açmışdı. Onun M.P.Vaqifə bu münasibəti bir tərəfdən, milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən, diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi. Əslində, bu məqbərə, eyni zamanda, gözəl memarlıq abidəsi idi. Heydər Əliyev abidənin tikintisini böyük, əlamətdar hadisə hesab edirdi. Ona görə də açılışa gedərkən ailəsi ilə birlikdə yanında elm, mədəniyyət və incəsənət adamlarının böyük bir qrupunu da aparmışdı. Bu addımı ilə ümummilli lider ziyalıları Dağlıq Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, vilayətə tez-tez səfərə gəlmələrini tövsiyə edirdi.

Ümummilli liderin M.P.Vaqifin məqbərəsinin açılışında söylədiyi nitq, onun Dağlıq Qarabağa qayğısının göstəricisi idi. Bununla yanaşı, səfər zamanı Heydər Əliyev Şuşada “Poeziya evi”ni açaraq, Vaqif poeziya günlərində iştirak etdi. Bununla yanaşı, ulu öndər Üzeyir bəy Hacıbəyovun və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi.

Bu tarixi səfər zamanı Şuşadakı abidələrin bərpa işləri ilə maraqlanan Heydər Əliyev müvafiq göstərişlər verərək işlərin davam etdirilməsinə dair bir sıra təkliflərini də söyləmişdi. Ümummilli liderin, eyni zamanda, Şuşa məscidinə getməsi bir tərəfdən, onun dini dəyərlərə olan ehtiramının və dərin bağlılığının göstəricisi idisə, digər tərəfdən azərbaycanlı əhalinin milli və dini dəyərlərə sahib çıxmalarının vacibliyinə olan nümunə idi. Ulu Öndər erməni millətçilərinin ona müxtəlif böhtanlar atdığı bir zamanda məscidə getməklə yerli əhaliyə dini inanclarını qorumağı da tövsiyə etmişdi. Ümummilli liderin həmin gün Şuşada şəhər ictimaiyyəti ilə keçirilən görüşləri hər bir şuşalının yaddaşında unudulmaz iz qoymuş və bu gün də xatirələrdə yaşayır.

1982-ci il iyulun 29-dan - avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin siması xeyli dəyişdi. Heydər Əliyevin göstərişi ilə Xankəndidə Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Bu, azərbaycanlı ziyalıların daimi iş yeri ilə təmin olunmasına, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, azərbaycanlı əhalinin ali təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait yaratmışdı.

XX əsrin 80-ci illərinin ikinci yarısında anti-Azərbaycan,

antitürk təbliğatının daha da güclənməsi

XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında və ilk növbədə, Ermənistan SSR ərazisində anti-Azərbaycan, antitürk təbliğatı daha da güclənməyə başladı. Bu proses M.Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçiyan Sov.İKP MK-nın Siyasi Bürosuna qondarma “erməni soyqırımı”nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət etmiş, Siyasi Büronun iclasını aparan M.S.Qorbaçov buna razılıq versə də, Heydər Əliyevin, N.Tixonovun və A.Qromıkonun sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdır.

Qeyd etmək lazımdır ki, 1985-ci ilədək Heydər Əliyevin iştirakı ilə keçirilən Sov.İKP MK Siyasi bürosunun və SSRİ Nazirlər Sovetinin iclaslarında Azərbaycan əleyhinə olaraq heç bir qərar qəbul edilməyib. XX əsrin 80-ci illərinin ortalarından etibarən erməni dairələri öz fəaliyyətlərini bir neçə istiqamətdə daha da genişləndirdilər. İlk növbədə, Ermənistanın millətçi-alim, yazıçı, şair və jurnalistlərinin Azərbaycan, Türkiyə əleyhinə yazdıqları kitabların nəşri çoxaldı.

Həmin dövrdə Ermənistanda da Azərbaycan əleyhinə geniş təbliğat-təşviqat işləri aparılırdı. Qondarma erməni tarixçiləri tərəfindən Qarabağın tarixi saxtalaşdırılaraq “erməni torpaqları” olması barədə dərsliklər və məqalələr, qədim Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi barədə Moskvaya ardı-arası kəsilməyən məktublar, müraciətlər yazılırdı. Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazılmış Z.Balayanın Yerevanda “Sovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan və SSRİ məkanında geniş yayılan “Oçaq” (Yurd) kitabı Ermənistanda Dağlıq Qarabağı ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirdi.

1985-ci il fevralın 21-də Ermənistan KP MK-nın sovet rəhbərliyinə 24 aprel gününün “Soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi Bürosunun iclasının gündəliyinə daxil edildi. Həmin il iyunun 20-də SSRİ Nazirlər Soveti “1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında” qərar qəbul etdi. Həmin qərarın yerinə yetirilməsi nəticəsində Ermənistana xarici ölkələrdən çoxlu sayda erməni köçürüldü. Onlar özləri ilə qatı erməni millətçiliyi gətirərək azərbaycanlılara qarşı düşmənçiliyi qızışdırır və bu istiqamətdə təbliğat aparırdılar.

1986-cı ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində SSRİ-də irəli sürülən “aşkarlıq” və “demokratiya” ideyalarından istifadə edilərək Xankəndidə tarix və mədəniyyət abidələrini qoruyan “Krunk” adlı təşkilat yaradıldı. 1987-ci ilin iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün təbliğat apararaq bu istiqamətdə vərəqələr yayırdılar. Ayrı-ayrı adamların Moskvaya yazdıqları məktublar artıq bu dövrdə müxtəlif kollektivlərdən imzalar toplanması kompaniyasına çevrildi və ərazi iddialarının yeni mərhələsinin təməli qoyuldu. İlin ikinci yarısında Yerevandan müntəzəm olaraq Xankəndinə gələn emissarlar ermənilər arasında fəal iş apararaq xüsusi imzalar toplamaqla Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşmək ideyasını təbliğ edirdilər.

Həmin il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Bunun ardınca noyabrın 18-də A.Aqanbekyanın Parisdə verdiyi müsahibə “L'Humanite” qəzetində çap olundu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynadı.

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü və ölkəmizə qarşı hərbi təcavüzə başladı. 1988-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Əminliklə söyləmək olar ki, həmin illərdə əgər ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olsaydı Ermənistan silahlı qüvvələri ərazilərimizi işğal edə bilməzdi. Bununla yanaşı, tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər sonralar Azərbaycanın milli dövlətçilik ideyalarının aparıcı qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı.

1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Heydər Əliyev özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxartmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni siyasi kursu həyata keçirmək üçün hər şeydən əvvəl müharibə dayandırılmalı və dinc şərait təmin edilməli idi. Bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni siyasi kursun ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.

Bununla yanaşı, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla yanaşı, “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Azərbaycan Respublikasının Prezidenti 1997-ci il 18 dekabr tarixli Fərman vermişdir. Bu fərmanlar azərbaycanlılara qarşı müxtəlif vaxtlarda ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin hərtərəfli tədqiq edilməsi, bu cinayətlərə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün

bərpası istiqamətində prinsipial mövqeyi

Qeyd etmək lazımdır ki, son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu baxımdan, müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanıb. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.

Dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən dövlətimizin başçısı Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçərək bildirdi: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”

Dövlət başçısı son vaxtlar dəfələrlə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmişdir. Ona görə də dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalıdır. Əks təqdirdə, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ vardır və bundan istifadə edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB

Şəhid mayor Elsəvər Paşayevin arzusu qızlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

“Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb