Heydər Əliyevin əziz xatirəsi yevlaxlıların qəlbində daim yaşayacaq
Yevlax, 12 dekabr, AZƏRTAC
Xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da dərin hörmət və ehtiramla anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin vəfatının iyirminci ildönümü ilə əlaqədar dekabrın 12-də yevlaxlılar dahi rəhbərin şəhərin baş meydanındakı abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının fəalları, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyətə sonsuz sevgi və ehtiramlarını bildirərək, ruhu qarşısında baş əyib, Ulu Tanrıdan ona rəhmət diləyib, haqqında iftixar hissi ilə söz açıblar. Bildirilib ki, iyirmi il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi yevlaxlıların qəlbində daim yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək.
Həmin gün Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev unudulmaz tarixi şəxsiyyətdir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən videoçarx nümayiş etdirilib.
Şəhər icra hakimiyyəti başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev və başqaları çıxış edərək xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü misilsiz işlərdən, müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən, xilaskarlıq rolundan, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıblar.