Hicran Hüseynova: Azərbaycanda gender bərabərliyi istiqamətində mühüm işlər görülür
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan qadınların hüquqlarının qorunması, idarəetmə orqanlarında təmsilçiliyinin artırılması, qadın sahibkarlarının sayının gündən-günə atması dövlətimizin bu istiqamətdə apardığı məqsədyönlü siyasətinin nəticəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin dekabrın 15-də keçirilən iclasında deyib.
İllik hesabatın yüksək səviyyədə hazırlandığını qeyd edən komitə sədri ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Qeyd olunub ki, qəbul edilən sənədlər qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi, əhalinin maarifləndirilməsi, mütəxəssis hazırlığı, həssas qruplardan olan şəxslərin müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Komitə sədri diqqətə çatdırıb ki, “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” və “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” məhz bu sənədlərdəndir.
Hicran Hüseynovanın sözlərinə görə, idarəetmənin müxtəlif sahələrində isə qadınların kişilərlə bərabər təmsilçiliyi tam təmin olunmasa da, bu sahədə inkişaf dinamikası mövcuddur. Qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanlarında qadınların təmsilçiliyi artmaqdadır.