Hikmət Babaoğlu: Novruz bayramı milli dəyərlərimizin təntənəsidir VİDEO

Bakı, 21 mart, AZƏRTAC
Böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyev deyirdi ki, Azərbaycanda bayramlar çoxdur: rəsmi bayramlar, dövlət bayramları, dini bayramlar. Lakin Novruz bayramı hər bir azərbaycanlının ürəyinin bayramıdır. Doğrudan da, Novruz bayramı xalqımızın ən çox sevdiyi milli bayramdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Əcdadlarımızın yazın gəlişi ilə gecə-gündüz bərabərliyini hesablamağı bacardığını deyən H.Babaoğlu qeyd edib ki, ona görə də bu bayramın gəlişini əvvəlcədən müəyyən edirdilər. Novruz yeni ilin ilk günü hesab olunurdu. Yazda gecə-gündüz bərabərliyindən sonra çərşənbələr tamamlanır, torpaq oyanır və insanlar təsərrüfat işlərinə başlayırlar. Buna görə də Novruz yeni ilin başlanğıcı kimi qəbul edilirdi. Şəhər həyatı müəyyən qədər bu bayramın keçirmə formasını məhdudlaşdıra bilsə də, kənd yerlərində, təsərrüfatın aparıcı olduğu coğrafiyalarda Novruz hər zaman böyük sevinclə qeyd olunub. Ümumiyyətlə, Novruz bayramı milli dəyərlərimizin təntənəsidir.
Bu gün Azərbaycanda Novruz bayramının əvvəlkindən də böyük coşqu ilə qeyd edildiyini deyən H.Babaoğlu bildirib ki, şəhərlərimizin geniş küçə və prospektlərində Novruz personajlarının iştirakı ilə möhtəşəm bayram tədbirləri təşkil olunur. Ən sevindirici hal isə odur ki, tarixi Zəfərimizdən sonra Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl, Zəngilan və digər azad olunmuş torpaqlarımızda da Novruz bayramı böyük təntənə ilə keçirilir. “Ümid edirəm ki, Qərbi Azərbaycana da qayıdacağıq və mən o uşaqlıq xatirələrimə yenidən toxunmaq, Novruzu orada qeyd etmək imkanı qazanacağam. Bütün xalqımızın Novruz bayramı mübarək olsun!”, - deyə deputat vurğulayıb.