Hindistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki ölkə arasında münasibətlərin inkişafından, o cümlədən davamlı siyasi dialoqun mövcudluğundan məmnunluğunu bildirən səfir son dövrlər Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artımın müşahidə olunmasını təqdirəlayiq bir hal kimi qiymətləndirib.
Görüş zamanı tərəflər mövcud bağlılıq layihələri, Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, gömrük sadələşdirmələri və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Hindistanın bağlılıq layihələrində maraqlı olduğunu qeyd edən səfir bu nəqliyyat şəbəkələrinin ölkəsini geniş qonşuluqla birləşdirən körpü rolunda çıxış etdiyini bildirib.
Tərəflər hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayıblar.
Səfir Sanjay Rana diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd edib və bu xüsusda öz təşəkkürünü ifadə edib.
Nazir Elmar Məmmədyarov səfir Sanjay Ranaya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.