Hövsan qəsəbəsində qəbiristanlıqdan və evlərdən oğurluqlar edən üç nəfər saxlanılıb VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqdan dəyəri 400 manat olan qəbir daşını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Şirməmməd Məmmədov Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxs ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Hövsan qəsəbəsində evlərdən birinin dəyəri 400 manat olan dəmir darvaza və qəsəbə ərazisində yerləşən piyada keçidinin avadanlıqlarını oğurlayan Ağsu rayon sakini Rahim Məmmədov da yaxalanıb. Onun üzərində axtarış aparılan zaman 2 qram heroin də aşkarlanıb.
İdarə əməkdaşlarının Hövsan qəsəbəsində həyata keçirdikləri digər əməliyyat zamanı isə evlərdən oğurluq edən daha bir nəfər - qəsəbə sakini Azər Əliyev saxlanılıb. Onun Hövsan qəsəbəsində iki mənzildən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Şirməmməd Məmmədov, Azər Əliyev və Rahim Məmmədovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin 102 Xidməti - Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.