I BAKI BEYNƏLXALQ KARİKATURA MÜSABİQƏSİNƏ ƏSƏRLƏRİN QƏBULU BAŞA ÇATMIŞDIR
Milli Olimpiya Komitəsinin nəşri olan qəzetin idman mövzusuna həsr etdiyi müsabiqənin şərtləri dünya karikaturaçılarının elektron poçtlarına, eləcə də müxtəlif karikatura saytlarına göndərilmişdir.
“Olimpiya dünyası” qəzetindən AZƏRTAC-a bildirmişlər ki, artıq yanvarın 20-də müsabiqəyə əsərlərin qəbulu başa çatmışdır. Dünyanın 30-a yaxın ölkəsindən, o cümlədən ABŞ, Rusiya, Brazliya, Hindistan, Almaniya və Meksikadan müsabiqəyə 300-dək əsər göndərilmişdir.
Müsabiqəyə göndərilmiş ən yaxşı əsərlərin sərgisinin təşkili, onların kataloqunun nəşri də iş planına daxildir.
İlk üç yeri tutan əsər müəlliflərinə pul mükafatı və diplomlar təqdim olunacaqdır. Həvəsləndirici mükafatlar verməyi də nəzərdə tutan münsiflər heyəti bütün müsabiqə iştirakçılarına sertifikatlar və kataloqlar göndərəcəkdir.
Müsabiqənin nəticələri fevralın ortalarında məlum olacaqdır.
I Bakı Beynəlxalq Karikatura müsabiqəsinə təqdim olunmuş əsərlər Yay Olimpiya oyunları ərəfəsində Afinada təşkil ediləcək Azərbaycan günlərində sərgilənəcəkdir.