İctimaiyyət şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğını böyük rəğbətlə qarşılayır
Şamaxı, 16 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə şəhid ailələrinə, eyni zamanda, Vətən müharibəsi iştirakçılarına və əlillərinə dövlət qayğısını daha da artırmaq məqsədilə yerli icra hakimiyyəti orqanlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi yaradılıb. Respublikanın hər yerində olduğu kimi, Şamaxı rayonunda da bu şöbəyə döyüş yolu keçmiş şəxslər, o cümlədən şöbə müdiri vəzifəsinə Vətən müharibəsi iştirakçısı, Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş, Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış Cəlal Bayramov təyin edilib.
Cəlal Bayramov AZƏRTAC-ın bölgə müxbirinə şöbənin fəaliyyətindən danışarkən bildirib ki, şəhid ailələri, müharibə iştirakçıları və əlilləri ilə müntəzəm görüşlər keçirilir, onları narahat edən problemlər yerində aradan qaldırılır. Bəzi müraciət və təkliflər isə aidiyyəti qurumlara çatdırılır.
Şöbə müdiri şəhid ailələrinə və müharibə əlillərinə qayğının artırılması məqsədilə respublikanın hər yerində olduğu kimi, Şamaxı rayonunda da Heydər Əliyev Fondunun və ölkə rəhbəri tərəfindən yaradılmış YAŞAT Fondunun bu kateqoriyadan olan şəxslərə göstərdikləri yardımların əhəmiyyətindən söz açıb, şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət və sosial problemlərinin həlli istiqamətində görülmüş və hazırda davam etdirilən işlərə görə öz minnətdarlığını bildirib.
“Vətən müharibəsində böyük şücaət göstərərək həlak olmuş 15 şəhidin adı Şamaxının küçə və meydanlarına verilib. Gələcəkdə rayonun perspektiv inkişafına uyğun olaraq yeni salınacaq yaşayış massivlərindəki küçələrə də şəhid adlarının verilməsi planlaşdırılır. Rayon ictimaiyyəti Heydər Əliyev Fondu, YAŞAT Fondu və Şamaxı Rayon İcra Hakimiyyəti, eləcə də vətəndaş cəmiyyətinin üzvləri tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğını böyük rəğbətlə qarşılayır”, - deyə Cəlal Bayramov qeyd edib.
Həmsöhbətimiz rayonda bundan sonrada bu istiqamətdə işlərin mərhələli şəkildə davam etdiriləcəyini, şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həllinə həssas yanaşmaqla, onların aradan qaldırılması sahəsində müvafiq tədbirlərin görüləcəyini bildirib.