İdarəetmə Sistemləri İnstitutu əməkdaşının məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
Bakı, 12 mart, AZƏRTAC
İdarəetmə Sistemləri İnstitutunun İnformasiyanın intellektual emalı sistemləri laboratoriyasının rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayevanın “Kəskin zəhərlənmə problemlərində süni intellektin tətbiqi” adlı ingilis dilində məqaləsi Polşada yüksək impakt faktorlu “East European Science Journal” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə kimyəvi maddələrlə kəskin zəhərlənmə zamanı diferensial diaqnozun qoyulması, toksikologiyanın problemləri, hazırda aktual olan kimyəvi zəhərlənmələr, mənfi nəticələrin qarşısının alınması, ilkin tibbi yardımın göstərilməsi kimi məsələlər işıqlandırılıb.
Müasir dövrdə biliyə əsaslanan informasiya texnologiyaları ilkin tibbi yardımın göstərilməsi və diaqnoz problemlərinin həlli üçün ən vacib vasitə ola bilər. Yaranan diaqnostika problemləri isə əsasən zəif strukturlaşdırılmış tibbi biliklər, həlli süni intellekt müstəvisində olan problemlərlə bağlı ola bilər. Problemin baş verdiyi yerdə, xüsusən laborator analizlər olmadan xəstənin koma vəziyyətində olduğu hallarda klinik təzahürlər əsasında diaqnozun qoyulması mürəkkəbləşir. Məhz belə hallar üçün nəzərdə tutulan sistem təcili və təxirəsalınmaz yardımın tibb işçilərinə konsultant sistem kimi məsləhət verə bilər (əksərən bu maddələrin laborator analizə qədər təzahürü bir-birinə oxşardır).
Tədqiqat işi Bakı şəhər Mərkəzi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən 2006-2018-ci illərdə təqdim olunan materiallar əsasında yerinə yetirilib.