İDARƏLƏRARASI NİYYƏT PROTOKOLU İMZALANMIŞDIR
Rusiya naziri imzalanmadan sonra brifinqdə suallara cavab verərkən demişdir ki, təəssüflər olsun bu il də ticarətin ümumi həcmində xammal və ərzaq məhsulları üstünlük təşkil etmişdir. Ona görə də yüksək əlavə dəyərli investisiya mallarının payını artıraraq, əmtəə dövriyyəsinin strukturunu yaxşılaşdırmaq ölkələrimiz qarşısında duran birinci dərəcəli vəzifədir. Bunun üçün bütün ilkin şərtlər var. 2002-ci il yanvarın 25-də imzalanmış müqavilə və uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında proqram, habelə ölkələrimizin inzibati subyektləri arasında ticarət-iqtisadi və mədəni əməkdaşlıq haqqında 30-dan çox sənəd buna imkan verir.
German Qref vurğulamışdır ki, Rusiya işgüzar dairələrinin Azərbaycan bazarındakı istehsal fəaliyyətinə marağının getdikcə artdığını belə bir fakt da təsdiq edir ki, hazırda Azərbaycanda Rusiya kapitalının iştirakı ilə 395 müəssisə və təşkilat (o cümlədən 176 müştərək, yüz faiz Rusiya kapitalı ilə işləyən 95), habelə 124 nümayəndəlik və filial qeydiyyata alınmışdır.
Xatırladaq ki, Rusiya nazirinin səfəri barədə razılaşma iqtisadi inkişaf naziri Heydər Babayevin bu il Sankt-Peterburqda keçirilən iqtisadi sammit çərçivəsində rusiyalı həmkarı ilə görüşü zamanı əldə olunmuşdur.