İdman direktoru: “Böyük Dəbilqə”də iştirak edəcək hər cüdoçu bizim medal ümidimizdir
Bakı, 23 yanvar, AZƏRTAC
“Böyük Dəbilqə”də iştirak edəcək hər cüdoçu bizim medal ümidimizdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının idman direktoru Kamran Talıbov cüdo yığmasının fevralda Parisdə və Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirlərindəki iştirakı ilə bağlı danışarkən deyib.
Federasiya nümayəndəsi bildirib ki, Fransadakı yarışda milli komanda ümumilikdə 9 cüdoçu ilə təmsil olunacaq: “Azərbaycanda keçiriləcək turnirdə isə hər çəki dərəcəsində 4 idmançımız iştirak edəcək. Yarış “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq baxımından önəmlidir. Əslində turnir Olimpiadadan sonra keçirilməli idi. Müəyyən səbəblərdən vaxtı dəyişdirildi. Ötən il olduğu kimi, bu yarış da Milli Gimnastika Arenasında təşkil olunacaq. Artıq turnirlə bağlı əsasnaməni Beynəlxalq Cüdo Federasiyasına göndərmişik. Cüdoçular yarışın hazırlıqlarına fevralın əvvəlindən start verəcəklər. Bir nüansı da qeyd edim ki, keçən ildən fərqli builki yarışdan sonra milli komandanın təlim-məşq toplanışı olmayacaq”.
Yığma komandanın hər iki turnirdəki şanslarından da söz açan K.Talıbov ümidli olduğunu vurğulayıb: “Ötən il Hidayət Heydərov, Zelim Tçkayev və Zelim Kotsoyev uğurlu mübarizə apardılar. Onlarla yanaşı, medallara iddialı digər cüdoçularımız da var”.
Qeyd edək ki, Parisdəki turnir fevralın 2-4-də, Bakıdakı yarış isə fevralın 16-18-də təşkil olunacaq.