İHSAN DOĞRAMAÇI: “AZƏRBAYCANIN HƏR UĞURU MƏNİ SEVİNDİRİR”
-İhsan bəy, Azərbaycan xalqı Sizi tibb elminə böyük töhfələr vermiş bir alim olmaqla yanaşı, ölkəmizi sevən bir insan və xalqımızın ümummilli lideri Heydər Əliyevin dostu kimi tanıyır.
-Bəzən mənə deyirlər ki, Azərbaycan sənin ikinci Vətənindir. Mən isə cavab verirəm, Azərbaycan mənim ikinci Vətənim yox, iki vətənimdən biridir. Mən Azərbaycanın hər uğuruna sevinirəm.
Bakı ilə ilk tanışlığım 1968-ci ildə olmuşdur. O zaman, Dünya Pediatrlar Cəmiyyətinin rəhbəri kimi Moskvada konfransda iştirak edirdim. Konfransın proqramına uyğun olaraq, məni Leninqrada da dəvət etmişdilər. Mən isə Bakıya getmək istədiyimi bildirdim.Nəhayət ki, xahişimi qəbul etdilər. Məni müşayiət edən SSRİ Pediatrlar Cəmiyyətinin sədri Bakıya uçan təyyarədə azərbaycanlılarla söhbət etdiyimi görüb dedi: Siz Azərbaycan dilini bilirsinizmi? Cavab verdim ki, bizim dilimiz birdir. Bakıda məni və xanımımı böyük hörmətlə qarşıladılar. O zamandan Azərbaycan mənim Vətənimdir.
Mənim üçün də doğma olan Azərbaycanda son illər iqtisadi, siyasi, mədəniyyət və sosial sahələrdə böyük nailiyyətlər qazanılmışdır. Tibb sahəsində də uğurlar vardır. Bunlar məni çox sevindirir. Bu yaxınlarda Bakıda keçirilmiş Türk dünyası pediatrlarının VI konfransında səhhətimlə bağlı iştirak edə bilməsəm də, tədbir iştirakçılarının mənə ünvanladığı məktub və Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC-ın faksla göndərilmiş xəbəri məni çox məmnun etdi.
Azərbaycan xalqı istedadlı xalqdır. 1994-cü ildə mən Bilkənt Universitetini yaradarkən, Bakıya getdim və incəsənət kafedrasının qurulmasını azərbaycanlı sənətşünaslara həvalə etdim. O vaxt Azərbaycan opera, balet, teatr sənətində Türkiyədən daha irəlidə idi...
-İhsan bəy, Sizin Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə dostluğunuz ölkəmizdə və Türkiyədə bir örnək sayılır...
-Heydər Əliyev kimi şəxsiyyətlər dünyaya çox nadir gəlir. Onun həyatına və fəaliyyətinə baxsaq, bunu görə bilərik. Bir azərbaycanlı, türk olan insanın Sovetlər dövlətində bu qədər yüksək mövqeyə sahib olması, eyni zamanda azərbaycalılığını və türklüyünü heç zaman unutmaması məndə ona qarşı böyük rəğbət doğurmuşdu. Mən Heydər Əliyevi yaxından tanıdıqda ona heyran oldum və biz dost olduq. Onun hələ məktəb illərində türk yazıçılarının romanlarını oxuduğunu, türk dilini necə sevdiyini bilirəm. Siyasi Büronun üzvü olarkən də bir türk respublikası Qazaxıstana rus millətindən birinin birinci katib təyin edilməsinə qəti etirazını bildirməsi də bu dahi şəxsiyyətin türk dünyasına böyük sevgisinin təzahürü idi.
Heydər Əliyevin mənim yubileylərimi Azərbaycanda dövlət səviyyəsində keçirməsindən, məni “İstiqlal” ordeni ilə təltif etməsindən qürur duyuram. Onun vəfatından sonra Prezident İlham Əliyevin mənə “Heydər Əliyev ordenini” təqdim etməsi dostluğumuzun bir rəmzi oldu. Bütün bunlar mənim üçün böyük şərəfdir.