II Ümumrespublika Bloger müsabiqəsinin qalibləri açıqlanıb
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” mövzusuna həsr olunmuş II Ümumrespublika Bloger müsabiqəsinin nəticələri elan edilib. AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən müsabiqənin məqsədi ictimaiyyət arasında sağlam və güclü ailə dəyərlərinin və gender bərabərliyinin, qadın və uşaq hüquqlarının təbliği, gender əsaslı və məişət zorakılığı halları ilə mübarizə istiqamətində edilən çağırışların geniş kütləyə çatdırılması, sosial şəbəkələrin potensialından istifadə etməklə cəmiyyətin düzgün istiqamətləndirilməsidir.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, ilk dəfə olaraq təmsil etdiyi komitə blogerlərlə birgə işin aparılması barədə təşəbbüs göstərib.
“Biz blogerlərin sosial mediadakı fəaliyyətini izlədik və gənclərin yeni çərçivələr yaratmağa qadir olduğunu gördük. Onlarla görüşlər keçirib hərtərəfli müzakirələr apardıq. Qeyd etməliyəm ki, biz hələ hamını əhatə edə bilməmişik. Çünki Azərbaycanda minlərlə bloger fəaliyyət göstərir. Müsabiqəyə daha çox blogerin qatılacağını düşünürdük. Ancaq 22 nəfər qatılıb və onlar arasında 15 nəfər müsabiqənin şərtlərinə uyğun gəlib”,- deyə komitə sədri əlavə edib.
Qeyd edək ki, müsabiqənin nəticələrinə uyğun olaraq, maraqlı, maarifləndirici, fərqli kontent hazırlamaq və yaymaq, cəmiyyətə təsir imkanları və insanların etimad göstəricisinə görə, eyni zamanda, mövzu ilə bağlı paylaşım statistikaları üzrə fəaliyyətləri münsiflər heyəti tərəfindən qiymətləndirilən ən aktiv blogerlər sertifikat və hədiyyələrlə təltif edilib.
Nəticələr əsasən, birinci yerə İsmayıl Hüseynli, ikinci və üçüncü yerlərə isə Fidan Nizamova və Şəbnəm Həsənəlizadə layiq görülüb.
Onlara sertifikat və hədiyyələr təqdim edilib. Aktiv digər 7 bloger həvəsləndirici hədiyyələrlə, qalan iştirakçılar isə sertifikatlarla təltif edilib.