İkinci Qarabağ müharibəsi ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi oldu
Bu müharibədə Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik, liderlik
məharəti özünü göstərdi
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən ötən il imzalanmış üçtərəfli birgə bəyanatdan təxminən artıq yeddi ay ötür. Vətən müharibəsindən sonra əldə edilən nəhəng uğurlar illərlə aparılmış hazırlıqların bəhrəsidir. Bu yeddi ay müddətində Ermənistan silahlı birləşmələrindən təmizlənən ərazidə artıq Azərbaycan Silahlı Qüvvələri möhkəmlənib. Azərbaycan-İran sərhədi tam bərpa edilib. Ermənistanla olan sərhədimizin dörd yüz kilometrə yaxın hissəsi isə tam nəzarətimiz altındadır. Bu proseslər Ermənistandakı seçkilər nəticəsində bir az səngisə də, yaxın gələcəkdə işlərin daha da sürətlənəcəyini ehtimal etmək olar. İşğaldan azad edilən ərazilərdə də böyük quruculuq işləri davam edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində hərbi ekspert Ədalət Verdiyev Prezident İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqinə münasibət bildirərkən deyib.
O, vurğulayıb ki, paralel olaraq silahlı qüvvələrimizin məişət şəraitinin yaxşılaşdırılması üçün bu ərazilərdə hərbi hissələr və şəhərciklər, komendaturalar, zastavalar yaradılır. Sərhəd zolağı standartlara uyğun təchiz olunur. Eləcə də minalı ərazilərin təmizlənməsi işləri uğurla davam edir. Bu fəaliyyətlər üçün həm xarici şirkətlər cəlb olunub, həm də həmin ölkələrdə istehsal edilən mexaniki vasitələr gətirilib. Bu işdə tərəfdaş ölkələr də bizə ciddi yardım göstərir. Həm Müdafiə Nazirliyinin tabeliyindəki mühəndis-istehkam bölmələrin, həm də ANAMA-nın ştat tərkibi genişləndirilib.
Bildirilib ki, digər tərəfdən işğaldan azad olunan ərazilərin minalardan və digər partlamayan sursatlardan təmizlənməsinə, nəhəng infrastruktur layihələrinə, barbarcasına dağıdılan şəhər və kəndlərin yenidən qurulmasına böyük investisiyaların tələb olunduğu bir vaxtda, Prezident İlham Əliyevin həmin ərazilərdə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına əlavəsinin müəyyən edilməsi haqqında müvafiq Sərəncamı dövlət başçımızın hərbçilərimizi daim diqqət mərkəzində saxladığını nümayiş etdirir.
Hərbi ekspert qeyd edib ki, Ali Baş Komandan tərəfindən Azərbaycanda müasir ordu quruculuğuna dair daha əvvəl səsləndirilən türk ordu modeli prinsipi əsasında struktur islahatlar isə artıq həyata keçirilməyə başlanıb. Bu islahatlar həm silahlı qüvvələrimizin ştat strukturlarında, həm də silahlanmasında müsbət dəyişiklikləri nəzərdə tutur. Azərbaycan Ordusunun say tərkibinin artırılması isə təhlükəsizlik və müdafiə məsələlərinin gələcəkdə də prioritet istiqamət təşkil edəcəyini göstərir.
Ədalət Verdiyev diqqətə çatdırıb ki, Azərbaycanda müasir ordu quruculuğu prosesində yeni mərhələ başlanıb. Təminat və təchizatın yaxşılaşdırılması üçün yeni və iri həcmli kontraktlar imzalanır. Bu müqavilələr güc strukturlarımıza yeni və müasir silah-sursatların, hərbi təyinatlı texnikaların alınmasına imkan verəcək. Bağlanılan müqavilələrin bəzisi artıq icra edilməyə başlanıb. Silahların satın alınması məsələsində Azərbaycana haqlı Vətən müharibəsində ənənəvi dəstək verən ölkələrə üstün veriləcəyi şübhəsizdir. Türkiyə, Pakistan və İtaliya ilə hərbi-texniki əməkdaşlığın daha da genişlənəcəyi, bəzi silah sistemlərinin isə birgə istehsalı da gözlənilir. ABŞ ilə hərbi sahədə əlaqələrin inkişafına da ümidlərimiz artmaqdadır.
“Dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfər xalqımızın layiq olduğu haqq və ədalətin təntənəsidir. İkinci Qarabağ müharibəsi ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi oldu və bu müharibədə Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik, liderlik məharəti özünü göstərdi. İnanırıq ki, dövlət başçımızın müstəsna sərkərdəlik və yüksək diplomatik səyləri nəticəsində ölkəmiz daha böyük uğurlar qazanacaq”, - deyə həmsöhbətimiz əlavə edib.