İkiqat bürünc medal qazanan məktəbli: Özümə deyirəm ki, sən bunu bacararsan VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Əldə etdiyim uğurların arxasında davamlı çalışma, səbir və çətinliklər qarşısında geri çəkilməmək dayanır.
Bu fikri AZƏRTAC-a müsahibəsində Fizika, riyaziyyat, informatika təmayüllü respublika liseyinin 8-ci sinif şagirdi Şövqü Abdullayev söyləyib.
Şövqü Abdullayev hələ 6-cı sinifdə respublika fənn müsabiqəsində bürünc, 7-ci sinifdə isə həmin müsabiqədə yenidən bürünc medal qazanıb. Şagird uğurlarının ona əlavə motivasiya verdiyini bildirib: “Özümə motivasiya verməyə çalışıram ki, sən bunu bacararsan, çünki əvvəl də belə uğurların olub. Əgər məsələnin şərtini anlamıramsa, onu dəfələrlə oxuyur və analiz edirəm. Şərti tam başa düşdükdən sonra həllinə keçməyə çalışıram”.
O, olimpiadalarda qarşılaşdığı maraqlı məqamlardan birinin “Kenquru” olimpiadasında yaşandığını qeyd edib: “Kenquru” olimpiadasında çox çətin bir sualla qarşılaşmışdım. Gözləmədiyim bir tərəfdən həll yolu tapıldı. Bu məni həm çox həyəcanlandırdı, həm də sevindirdi. Nəhayət, məsələni həll edə bildim”.
Həmsöhbətimiz müasir texnologiyaların, xüsusilə də süni intellektin təhsil prosesində faydalı vasitə ola biləcəyini düşünür: “Süni intellektdən bəzən istifadə edirəm. Məsələn, bir məsələ üzərində çox işləyib hələ də nəticə əldə edə bilmirəmsə, balaca ipucu almağa çalışıram. Beləliklə, məsələni özüm həll etməyə çalışıram. Məncə, süni intellekt təhsil və tədris üçün çox yaxşı vasitədir”.
Şagird sosial şəbəkələrdən istifadəyə də müəyyən məhdudiyyət qoymağın vacib olduğunu bildirib: “Sosial şəbəkədən nə üçün istifadə etdiyiniz önəmlidir. Tədris məqsədi daşıyırsa və ya məlumat əldə etmək istəyirsinizsə, bunun zərəri yoxdur. Amma vaxtın çoxunu sosial şəbəkələrdə keçirmək olmaz. Çalışıram ki, ümumilikdə gündə bir saat yarımdan çox sosial şəbəkələrə baxmayım”.
Müsahibimiz bir məsələnin həlli zamanı etdiyi səhvin də ona müəyyən dərs verdiyini söyləyib: “Bir dəfə etdiyim hərəkətə görə məyus olmuşdum. Sonra özüm məsələni təhlil etməyə çalışdım və müəllimimə müraciət etdim. Müəllimim mənə düzgün həlli göndərdi. Bu da mənim üçün bir təcrübə oldu”.
Şagird olimpiadalarda iştirak etmək istəyən həmyaşıdlarına ruhdan düşməməyi tövsiyə edib: “Olimpiada əvvəlcə çox çətin görünə bilər. Həqiqətən də çətin prosesdir. Amma müəyyən müddət çalışdıqdan və əziyyət çəkdikdən sonra görəcəklər ki, əvvəl düşündükləri qədər də çətin deyil. Əsas odur ki, əziyyət çəkməkdən qorxmasınlar və çalışmağa davam etsinlər”.