İQTİSADİYYAT
İKTA: Bəzi ünvanlarda lisenziya almadan sürətli poçt xidmətləri göstərilir

Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) bəzi fiziki və hüquqi şəxslər tərəfindən lisenziyasız sürətli poçt xidmətlərinin (karqo xidməti) göstərilməsi barədə məlumatlar daxil olur.
AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) yaydığı məlumata istinadən xəbər verir ki, bir sıra fiziki və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələblərindən yayınaraq xidmət şəbəkəsini sürətli şəkildə genişləndirmək məqsədilə bəzi ünvanlarda lisenziya almadan sürətli poçt xidmətləri göstərilir.
“Bu isə öz növbəsində bazarda rəqabət mühitinin pozulması, xidmət keyfiyyətinin aşağı düşməsi və istehlakçı hüquqlarının pozulması ilə nəticələnə bilər. Tənzimləyici qurum sürətli poçt xidmətləri bazarında yaranmış belə sui-istifadə hallarından narahatdır və bildirir ki, lisenziyasız sürətli poçt xidməti göstərən fiziki və ya hüquqi şəxslərin fəaliyyəti qeyri-qanunidir”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, İKTA istifadəçilərə telekommunikasiya xidmətləri ilə bağlı müraciətlərini “E-Şikayət” sistemi üzərindən etməyi tövsiyə edir. Bu sistemdən istifadə etmək üçün vətəndaşlar https://e-complaint.icta.az linkinə daxil olmaqla “İdentifikasiya nömrəsi ilə” bölməsi vasitəsilə “Abunəçi” səhifəsinə keçid edib vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən şikayətlərini ünvanlaya bilərlər.