İlin birinci yarısında Nəsimi rayonunda 14 oğurluq cəhdinin qarşısı mühafizə polisi tərəfindən alınıb
Bakı, 16 iyul, AZƏRTAC
Cari ilin altı ayı ərzində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində mühafizə olunan müxtəlif obyektlərdən 14 dəfə oğurluğa cəhd edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu cəhdlərin qarşısı idarənin əməkdaşları tərəfindən vaxtında alınıb. Həmin hadisələr üzrə ümumilikdə 11 nəfər saxlanılaraq ərazi üzrə polis şöbə və bölmələrinə təhvil verilib.
Bundan başqa, ilin birinci yarısında Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən ictimai qaydanı pozan 44 nəfər saxlanılaraq barələrində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.